Faciənin qarşısını almaq niyə mümkün olmadı?

Faciənin qarşısını almaq niyə mümkün olmadı?
09:37 8 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, "Günəşli" platformasında baş verən yanğının səbəb olduğu insan faciəsi ilə əlaqədar hadisə şahidlərinin və ekspertlərin dilindən müxtəlif iddialar irəli sürülməkdədir.

"Qafqazinfo" xəbər verir ki, yayılan iddialar arasında hava şəraitinin işçilərə əvvəlcədən düzgün proqnoz edilməməsi məsələsi xüsusi diqqət kəsb edir. Elə vəfat edənlərdən biri Ramiz Həsənovun qohumu Rəşad Qasımovun da əməkdaşımızla söhbətində dediklərini bir daha xatırlamaq yerinə düşər. R. Qasımov bildirib ki, həmin gün o, 120-ci platformada olub:

"Biz şimala ən yaxında idik. Bu hadisənin baş verməsinə səbəb hava proqnozunun neftçilərə düzgün verilməməsi və təxliyə əmrini verən ustanın yanlış qərarı olub. Bizim platforma dəniz səviyyəsindən 27 metr hündürlükdədir, amma dalğa platformadakı budkalarımızı da aparırdı. Külək şimaldan əsirdi, bütün platformalarda yaşayış yeri şimal hissədə yerləşir. Yanğın isə özülün cənubunda başlayıb, külək alovu yaşayış hissəsinin əksinə vururdu. Əgər baş mütəxəssis emosional davranmayıb işçiləri yaşayış yerində saxlasaydı, onlara heç nə olmazdı. Bu hadisələrin günahkarı təxliyə qərarı verən şəxsdir. Həm də özüldə şimalda və cənubda iki qayıq olub. Usta işçilərə şimaldakı qayıqlara minməyi əmr edib. Axı niyə? Onsuz da şimaldan güclü külək vardı. Onlar cənubdakı qayıqlardan istifadə etsəydilər, bəlkə də bunlar olmazdı. Bundan başqa, bütün platformalar təhlükə altında qalmışdı. Bizə öncədən belə hava proqnozu verilməmişdi. Əgər belə güclü külək olacağı deyilsəydi, heç kim dənizə çıxmamalı idi".

Ötən gün Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı da güclü külək olduğu halda dənizdə hansı işlərin dayandırılması ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunur ki, küləyin gücü 4 bal və ondan yuxarı olduqda bir sıra işlərin görülməsi dayandırılır.

Məlumdur ki, hadisə baş verən gün, yəni dekabrın 4-də dənizdə güclü qasırğa olub. Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova "Qafqazinfo"ya açıqlamasında həmin gün dənizdə küləyin gücünün 12 bal - 33 metr/san olduğunu açıqlayıb.

Belə olan halda "Günəşli" platformasında işlərin dayandırılıb-dayandırılmaması, o cümlədən hava şəraiti ilə əlaqədar proqnozun vaxtında verilib-verilməməsi gündəmə gəlir.

Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında yuxarıda qeyd olunan məsələyə aydınlıq gətirib. O qeyd edib ki, dekabrın 3-dən artıq küləyin güclü olacağı məlum olub: "Ona görə də işlər dayandırılmışdı. Küləyin öncədən bilinən gücünə uyğun xəbərdarlıq edilir. Biz də buna görə bütün işlərin dayandırılmasına qərar vermişdik. Amma küləyin gücünün işçilərin həyatı üçün təhlükə yaradacağını proqnozlaşdırmırdıq.

Bundan əlavə, hesab edirik ki, baş mühəndisin təxliyə ilə bağlı verdiyi qərar doğrudur. Platformada qalmaq əmri verilsəydi, bəlkə də hadisələr başqa cür olardı. Ən azından 30 nəfəri xilas etmişik".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hava şəraiti pis olduqda tikinti işçiləri və qazmaçılar platformadakı yaşayış yerlərində olurlar: "Ancaq hasilatla məşğul olan neftçilər istənilən hava şəraitində işləyirlər. Çünki onlar açıq hava şəraitində deyil, bağlı şəraitdə işləyirlər. Düşünürəm ki, həmin gün tikintiyə cəlb olunmuş 15 nəfəri ona görə geri aparmayıblar ki, hava şəraiti dəyişəcək və onlar da işinə davam edəcəklər".

Onun sözlərinə görə, neft sənayəsi istehsalın fasiləsiz iş rejimində çalışan sahəsidir: "Əgər bir quyuda işlər dayanarsa, o quyunu təzədən işə salmaq üçün üç ay vaxt lazımdır. Platformada qəza isə hava şəraitindən baş verməyib. Hər hansı hava şəraitinə görə platformada təhlükənin olması mümkünsüz idi. Küləyin gücü hətta 50 bal olsa belə, o platformanı yerindən tərpətmək mümkün deyil. Həmin platforma 30 metr hündürlüyündə dalğanın gücünə davam gətirirdi. Bildiyimiz kimi, qəzanın səbəbi infrastrukturda olub. Yəni ora gələn qaz xəttindəki sızma nəticəsində yanğın baş verib.

BP-nin bundan əvvəlki açıqladığı məlumatlarda da qeyd olunub ki, platformada təhlükəsizlik sisteminin yaxşılaşdırılması, avtomatika və sualtı boru sistemlərinin novistikası, sızmaların qarşısının alınması üçün hansı işlər görülməlidir. BP-nin platformalarına baxdıqda görürük ki, onun 4 ədəd dayaq bloku var. Bunlar sovetin tikdiyi sistemdir. Orada heç GPS sistemi də yoxdur. Bundan başqa, BP şirkətində hər həftə yanğın təhlükəsizliyi və digər məsələlərlə bağlı SOS siqnalı verilir. Biz hələ bu cür ekstremal hallarda çıxış yollarının necə olmasını müəyyənləşdirməmişik. Bir sözlə, Azərbaycanda məişətdən tutmuş bütün yerlərdə yanğın təhlükəsizliyi sistemi qurulmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR