Buna cəsarətləri çatmaz!

Buna cəsarətləri çatmaz!
12:22 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Əslində sərnişin avtbobusları gün ərzində əhaliyə xidmət göstərdikdən sonra günün sonunda qaraja aparılmalı və həmin avtobus növbəti dəfə xəttə buraxılanadək texniki müayinədən keçməlidir. Əgər avtobusda hər hansı nasazlıq və çatışmazlıq varsa, o, xəttə buraxıla bilməz. Lakin baxaq görək, həqiqətənmi Bakıdakı bütün avtobuslar günün sonunda qarajda saxlanılır və həqiqətənmi gündəlik müayinədən keçir? Müşahidələr göstərir ki, əslində bu heç də belə deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma səbəbindən asılı olmayaraq burada insanların həyatından, onların təhlükəsizliyindən söhbət getdiyi üçün bu məsələdə hər hansı səhlənkarlıq və laqeydlik yolverilməzdir.

İndi baxaq görək, paytaxtda nə qədər sərnişindaşıma şirkəti, nə qədər avtobus var və onların hamısının avtobusların saxlandığı və gündəlik texniki müayinədən keçirən qarajları varmı?

Milli.Az-ın bu sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, hazırda Bakıda sərnişindaşıma ilə ümumilikdə 31 fərdi şəxs və şirkət məşğul olur: "Onlardan 12-si fiziki şəxs, 19-u hüquqi şəxsdir. Onların tabeliyində 2800 avtobus paytaxtda sərnişinlərə xidmət göstərir.

Lakin sərnişindaşıma ilə 31 subyekt məşğul olsa da, onların hamısının ayrı-ayrılıqda avtobus qarajları yoxdur. Onlardan bəzilərinin qarajı olsa da, digərləri qarajları icarəyə götürürlər və avtobusları orada saxlayırlar".

NİİM-in sözçüsü əlavə edib ki, hansı sürücü səhər tezdən ona rahat olsun deyə qaydanı pozaraq avtobusu gecələr qarajda deyil, evinin qabağında, məhəllədə saxlayırsa, onlara qarşı cəza tədbirləri görülür: "Artıq təcrübədə dəfələrlə belə hal qeydə alınıb. Bununla bağlı məlumat daxil olan kimi həmin avtobus "cərimə meydançası"na aparılır, sürücü də, sahibkar da külli miqdarda cərimə edilir. Amma bəzən gözdən yayınaraq rahatlıq üçün belə addım atan sürücülər olur. Amma dekabrın 1-dən cərimələr, qadağalar qüvvəyə minəndən sonra düşünmürəm ki, hansısa avtobus sürücüsünün belə şeyi etməyə cəsarəti çatsın".

Ş.Mehmanqızı qeyd edib ki, əhalidən də kimsə belə halla rastlaşarsa, dərhal Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin "141" nömrəli "qaynar xətti"nə və ya 5617628/29 nömrələrinə telefonla məlumat versin. Eyni zamanda, bununla bağlı NİİM-in info@niim.az elektron ünvanına da müraciət və məlumatlar daxil olsa, onlar həmin idarəyə yönləndiriləcək: "Amma cərimələrin məbləği həddən artıq yüksək olduğundan inanmıram ki, bundan sonra nə sahibkar, nə də sürücünün bunu etməyə cəsarəti çatsın. Çünki bu qədər cərimə olunmaq nə sürücüyə, nə də sahibkara sərf edər. Sahibkar ziyana düşmək istəmədiyinə görə onun sürücüsü belə hala yol verərsə, təbii ki, onu işdən azad edəcək".

Qeyd edək ki, hər bir avtobus xəttə buraxılmazdan əvvəl mütləq texniki müayinədən keçirilməlidir. Əgər çatışmazlıq, nasazlıq varsa, dərhal aradan qaldırılmalıdır. Əgər avtobusun, məsələn, şüşəsi yoxdursa, çirklidirsə, havalandırma sistemi işləmirsə, təhlükəsizlik baxımından xəttə buraxılmamalıdır. Nəqliyyat vasitəsini texniki müayinədən keçirməyən sürücü və fərdi sahibkar, hüquqi şəxs və ya hüquqi şəxsin cavabdeh nümayəndəsi məsuliyyət daşıyırlar və cəzalandırılırlar. Qanunvericilikdə belə hallara görə kifayət qədər ağır cəzalar nəzərdə tutulur. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, buna görə vəzifəli şəxsi 500 manatdan 800 manatadək, hüquqi şəxsi, yəni şirkətləri isə 2000 manatdan 2500 manatadək cərimə etmək olar. Bundan əlavə, nasaz nəqliyyat vasitəsini idarə etdiyinə görə sürücünün özü də 50 manat məbləğində cərimə oluna bilər.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR