Azərbaycanda ictimai-siyasi sabitliyi heç bir qüvvə poza bilməz

Azərbaycanda ictimai-siyasi sabitliyi heç bir qüvvə poza bilməz
13:58 8 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 8 dekabr, AZƏRTAC 
Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın sivil məkanı kimi tanınır. Aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə mövcud olan bütün dini konfessiyaların bərabər və dinc yanaşı yaşayışını təmin etməkdir. Sürətlə inkişaf edən ölkəmizdə dini mühitə təsir edəcək hər hansı qarşıdurmalar, ixtilaflar siyasi sabitliyin pozulmasına yönəlmiş xəyanətkar addımdır. Belə hərəkətlər yolverilməzdir və qarşısı Azərbaycan xalqı və dövləti tərəfindən qətiyyətlə alınacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 8-də Tovuz Rayon İcra Hakimiyyətində rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə keçirilən görüşdə səsləndirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Tovuz şəhər bələdiyyəsinin sədri Məzahir Bayramov, rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanda çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün lazımi şərait təmin olunub. Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir.
Qeyd edilib ki, Bakının Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Bu gün dünyada din pərdəsi adı altında siyasi oyunlar oynanılır, terrorlar törədilir. Terrorun dini, milləti yoxdur. Azərbaycandakı ekstremist dini qruplar da ölkəmizdə eyni addımları atmağa çalışırlar. Lakin dövlətimiz bu cür cəhdlərin qarşısını həmişə qətiyyətlə alıb.
Bir daha bəyan edilib ki, Azərbaycanda dini ekstremizmi, radikalizmi yaymaq mümkün olmayacaq. Azərbaycan xalqı və dövləti həmin qüvvələrə qarşı daim mübarizə aparacaq.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_ictimai_siyasi_sabitliyi_hech_bir_quvve_poza_bilmez-909280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR