Tranzit yükdaşımaları tariflərinin yuxarı həddi təsdiqlənib

15:23 8 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddini təsdiq edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir (Cədvəl əlavə olunur).
Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən baxıla bilər. Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri, ümumilikdə, təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Yeni tariflər 2015-ci il dekabrın 3-dən qüvvədədir.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yükdaşımalar üzrə iştirakçıların, nəqliyyat müəssisələrindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Şuranın ofisinə (ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az) müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tranzit_yukdasimalari_tariflerinin_yuxari_heddi_tesdiqlenib-909317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR