Vyanada “Xəzər virtuozları” kamera orkestri növbəti konsert proqramı ilə çıxış edib

Vyanada “Xəzər virtuozları” kamera orkestri növbəti konsert proqramı ilə çıxış edib
16:23 8 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 8 dekabr, AZƏRTAC 
Avstriyanın paytaxtı Vyanada gənc azərbaycanlı musiqiçiləri öz sıralarında birləşdirən "Xəzər virtuozları" kamera orkestrinin konserti keçirilib.
Vyananın Landştrasse rayonu magistratının tədbir zalında keçirilən konsertdə N.A. Rimski-Korsakov, P.İ. Çaykovski, D.D. Şostakoviç, F.Əmirov və Q. Qarayevin əsərləri ilə yanaşı, müasir dövrümüzün bəstəkarları Rauf Əliyev və Tural Məmmədlinin yeni əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Konsertdə xüsusi olaraq bu orkestr üçün bəstələnmiş “Monoloq – Şuşa kanyonlarını xatırlayarkən” (R. Əliyev) və “Qarışıq səslərin ahəngi” (T. Məmmədli) əsərləri tamaşaçılar qarşısında ilk dəfə səsləndirilib.
Konsertin solistləri Müşfiq Quliyev (fortepiano), Təhminə Abdullayeva (skripka), Jalə Əliyeva (violonçel), Jalə Rəsulova (fortepiano), Mərziyyə Hüseynova (soprano), Ekaterina Protsenko (soprano) və Anna Tyapkina (soprano) öz ifaları ilə, musiqi axşamına xüsusi əhval bəxş ediblər.
Konsertdən sonra Vyana Konservatoriyasının professoru, dirijor Maksimilian Tsençiç gənc orkestrin yaranma tarixi və yaradıcılıq yolu haqqında məlumat verib. O, bildirib ki, orkestrin bədii rəhbəri Mustafa Mehmandarov gənc dirijor olmasına baxmayaraq, yüksək peşəkarlığa və qeyri-adi dirijorluq texnikasına malikdir. Onun orkestr üçün işləmələri (aranjemanları), əsərlərin özünəməxsus interpretasiyası həmişə dinləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, Vyana Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı dirijor Mustafa Mehmandarovun təşəbbüsü və rəhbərliyi ilə Vyanada yaradılan “Xəzər virtuozları” kamera orkestrində bir çox ölkələrdən olan musiqiçilərlə yanaşı, Avropanın müxtəlif ölkələrində təhsil alan və çalışan istedadlı həmvətənlərimiz toplaşıblar. Orkestrin məqsədi Avropanın müxtəlif ölkələrində klassik Azərbaycan musiqisini yüksək səviyyədə tanıtmaqdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vyanada_Xezer_virtuozlari_kamera_orkestri_novbeti_konsert_proqrami_ile_chixis_edib-909346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR