Azərbaycanlı deputat Avropa Şurası məruzəçilərini faktlara hörmətlə yanaşmağa çağırıb

Azərbaycanlı deputat Avropa Şurası məruzəçilərini faktlara hörmətlə yanaşmağa çağırıb
16:58 8 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 8 dekabr, AZƏRTAC 
Dekabrın 8-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında Hüquqi işlər və insan haqları komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Avropanın həyatında insan hüquqlarının bir sıra aktual problemləri ətrafında müfəssəl fikir mübadilələri aparılıb. Estoniyadan olan deputat Mailis Repsin “Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzəsi müəyyən mübahisəli məqamları ilə yadda qalıb.
Müzakirələrə qatılan komitə üzvü Rafael Hüseynov hesabatdakı bir sıra məsələlərlə bağlı tənqidi fikirlərini bəyan edərək deyib: “İnsan hüquqlarının qorunması yarandığı gündən Avropa Şurasının başlıca fəaliyyət istiqamətlərindən olmuşdur. Bu nəcib iş bu gün də davam etməkdədir və insan hüquqlarının müdafiəçiləri ilə bağlı müzakirələr əslində həmin vacib problemin tərkib hissələrindən biri sayılmalıdır. 10-15 il bundan əvvəllə müqayisədə Avropada hüquq müdafiəçilərinin, onların səmərəli çalışan təşkilatlarının sayının bir neçə dəfə artdığını görürük. Bu, xüsusən yeni müstəqillik əldə etmiş ölkələrə aiddir. Məhz gənc demokratiyaların möhkəmlənib inkişaf etməsi üçün bu institutun həmin ölkələrdə daha artıq bərqərar olması, cəmiyyət həyatında daha fəal mövqe tutması zəruridir. İnsan hüquqları müdafiəçilərindən söz açarkən onların vəzifələrini necə yerinə yetirməsi, haqqı pozulanları necə müdafiə etməsi əsas sualdırsa, digər iki mühüm nüans da var.
Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması nə vəziyyətdədir? Başqa sual isə bu sahədə çalışan bəzi insanların neqativ fəaliyyətlərindən, hüquq müdafiəçisi pərdəsi arxasında gizlənməsindən yaranır – belələrindən necə qorunmalı? Başqa bir əhəmiyyətli cəhət də hüquq müdafiəçisi anlayışının meyarlarını müəyyən edərək təsdiqləməkdən ibarətdir. Özünü hüquq müdafiəçisi elan edən hər kəsə bu missiyanı həvalə etmək nə dərəcədə doğrudur. Bu qədər müxtəlif düşüncələrin, çoxlu sualların ortaya çıxması, hüquq müdafiəçilərinin üzv ölkələrdə fəaliyyət dərəcəsinin genişlənməsi bir daha sübut edir ki, bu məruzə lazımlıdır və belə müzakirələr gələcəkdə də davam etdirilməlidir. Lakin məruzədə bir sıra məqamlar vardır ki, onların dəqiqləşdirilməsinə, obyektivlik naminə bir də nəzərdən keçirilməsinə ehtiyac var. İnsan hüquqları müdafiəçilərindən, bütövlükdə insan hüquqlarının qorunmasından söhbət gedən məruzədə faktların özlərinin də hüququ qorunmalıdır. Çox zaman ən böyük insan haqları pozuntuları elə sadə faktların təhrif edilməsindən, təsadüfən, yaxud məqsədli şəkildə qeyri-dəqiq bəyan edilməsindən törəyir. Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hər biri mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətə uyğun olmayan məqamlar mövcuddur”.
Hüquq müdafiəçilərinin gələcəkdə daha səmərəli fəaliyyətinin təmin edilməsi üçün təklif irəli sürən deputat Rafael Hüseynov deyib: “Hüquq müdafiəçilərinin daha mütəşəkkil bir gücə dönməsi, gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün Parlament Assambleyasının kömək etmək imkanları çoxdur. Mən təklif edərdim ki, Avropa Şurasında təcrübəli siyasətçilərin cəlb edilməsi ilə hüquq müdafiəçiləri üçün vaxtaşırı təlimlər keçirilsin, onlara ayrı-ayrı problemlər ətrafında mühazirələr oxunsun. Sistematik halda davam edən belə kurslar üzv ölkələrdəki hüquq müdafiəçilərinin daha yüksək peşəkarlıq əldə etməsinə və daha uğurlu fəaliyyətlərinə layiqli töhfə olardı”.
Azərbaycanlı deputatın bu təklifi komitə rəhbərliyi tərəfindən təqdirlə qarşılanıb.
Komitə iclasında “Avropada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə yaradılan lüzumsuz maneələri necə aradan qaldırmalı?” məruzəsi də müzakirəyə çıxarılıb. Lüksemburqlu Yves Kruxtenin hazırladığı həmin hesabatla əlaqədar deputat Rafael Hüseynov QHT-lərin fəaliyyətindəki bəzi şübhəli məqamlarla bağlı mülahizələrini bölüşərək bildirib: “Bu, həqiqətdir ki, müasir dövrdə ölkələrin həyatını qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, onların sərbəst, səmərəli fəaliyyəti üçün də lazım olan bütün şərait yaradılmalıdır. Rəsmi məlumata görə, indi Azərbaycanda QHT-lərin miqdarı 4 mindən çoxdur. Əlbəttə, saydan daha vacib olan göstərici işdir və qeyd etmək lazımdır ki, ölkədə kifayət qədər fəal olan belə təşkilatların miqdarı da çoxdur. Ona görə də Azərbaycanla bağlı bu istiqamətdə məruzədə ifadə edilən tənqidi fikirlərlə razılaşmaq çətindir. Azərbaycanda QHT-lərlə işin təşkili üzrə ayrıca dövlət qurumu mövcuddur, QHT-lərə dövlət qayğısı və dəstəyi də qənaətbəxş səviyyədədir. Lakin bəzən ayrı-ayrı QHT-lərlə əlaqədar problemlərin ortaya çıxması da danılmaz faktdır. Belə hallara bir sıra başqa ölkələrdə də rast gəlinir.
Zənnimcə, bu məsələyə bir qədər dərindən diqqət etmək lazımdır. Çünki araşdırmalar göstərir ki, xarici xüsusi xidmət orqanları ayrı-ayrı ölkələrdə müəyyən niyyətlərini və məxfi planlarını həyata keçirmək üçün QHT-lərdən geniş istifadə edirlər. Təbii ki, hamısından deyil, tora sala bildiklərindən, özlərinə yaxın olanlardan, yaranmasında özlərinin də əli olanlardan, asanlıqla idarə edə bildiklərindən.
Müxtəlif rəngli inqilablar, iğtişaşlar yaratmaq üçün külli miqdarda çirkli pulların QHT-lərə kənardan ötürülməsi faktları da bəllidir. Biz hər istiqamətdə aşkarlığın, şəffaflığın tərəfdarıyıq. Ona görə də QHT-lərin də maliyyə qaynaqları, vəsaitləri hara sərf etdikləri açıq elan edilərsə, həmin sahəyə ciddi ictimai nəzarət olarsa, bunda qətiyyən pis olan bir cəhət yoxdur. Ancaq yetərincə obyektiv olan belə yanaşma kimlərisə, hansısa qüvvələri narahat edirsə, deməli, onların gizlətmək istədikləri çirkin məqsədləri var.
Düşünürəm ki, fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində işini qura bilən QHT hər hansı bir çətin problemlərlə üzləşməz və belə bir hal yaranarsa da, hamılıqla onun həllinə yardımımızı əsirgəməməliyik. Demokratik cəmiyyətin təklif və tələb etdiyi hər dəyər, o cümlədən QHT-lər institutu dövlətlər üçün çox gərəklidir. Lakin hər bir ölkə, xalq, dövlət, xüsusilə də, bizim kimi müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün ən ali dəyər onun müstəqilliyidir. Bizim də başlıca istəyimiz budur ki, hər şey, eləcə də, QHT-lərin fəaliyyəti dövlətlərimizi, xalqlarımızı daha güclü etməyə kömək göstərsin. Heç vəchlə əksinə olmasın!”.
Qətnamə layihələri səsə qoyularaq təsdiq edilən hər iki məruzənin qarşıdakı qış sessiyasında Parlament Assambleyasının plenar iclasında müzakirəsi nəzərdə tutulur.
Şəhla Ağalarova
AZƏRTAC -ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_deputat_Avropa_Surasi_meruzechilerini_faktlara_hormetle_yanasmaga_chagirib-909365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR