Azərbaycan Milli Kitabxanasında qazax yazıçısı Baxit Rüstəmovla görüş keçirilib

17:18 8 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında qazax yazıçısı, beynəlxalq mövzularda publisist yazıları ilə tanınan Baxit Rüstəmovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva yazıçı haqqında məlumat verib.
Bildirilib ki, Baxit Rüstəmov tarixçi, ilahiyyatçı, tərcüməçi, musiqiçi, şair kimi tanınır. O, Qazaxıstan Jurnalistlər İttifaqının, Ukrayna Yazıçılar İttifaqının “İnternet məkanında yazıçı” studiyasının, Qazaxıstan KİV-ləri redaksiya şuralarının, Türk Xalqları Ümumdünya Assambleyasının üzvü, “Qazaxıstan-Kuba” Dostluq Cəmiyyətinin vitse-prezidentidir. B.Rüstəmov Avrasiya Televiziya, Radio və Mətbu KİV-lər Beynəlxalq Akademiyasının (Rusiya), Avropa ədəbiyyatçıları Konqresinin üzvü, B.Qrinçenko adına ədəbi mükafat laureatıdır. O, “Slavyan lirası-2015” (Minsk) rus poeziyası, nəsri və dramaturgiyası beynəlxalq müsabiqəsinin münsiflər heyətinin üzvü, intellektual müsabiqələr (Pekin) laureatıdır.
B.Rüstəmov xalqlar arasında dostluğa və beynəlxalq publisistikaya verdiyi töhfəsinə görə Qazaxıstanın “Sülh planeti” Beynəlxalq Yaradıcılıq Birliyinin “Millətin qüruru” (2015) diplomu və medalı ilə təltif olunub.
Onun kitabları ABŞ Konqresinin kitabxanasında, Səudiyyə Ərəbistanı, Qətər, İran, Çin, Vyetnam, Rusiya, Belarus, Özbəkistan, Avropa, Asiya, Afrika ölkələri kitabxanalarında, elm, mədəniyyət, təhsil mərkəzlərində saxlanılır.
B.Rüstəmov “Günəşli” yatağındakı platformada yanğın nəticəsində neftçilərin həlak olması ilə əlaqədar qardaş Azərbaycan xalqına başsağlığı verib. O, sonuncu dəfə Bakıya 40 il əvvəl gəldiyini deyib və şəhərin xeyli dəyişildiyini və yaxşıladığını vurğulayıb.
Yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa məlumat verən B.Rüstəmov əsərlərini qazax, özbək, rus və ərəb dillərində yazdığını diqqətə çatdırıb, bir neçə kitabını Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Kitabxanasinda_qazax_yazichisi_Baxit_Rustemovla_gorus_kechirilib-909381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR