Bakıda "ölüm hasarları”... - FOTO

Bakıda "ölüm hasarları”... - FOTO
22:05 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Heç kəsə sirr deyil ki, Bakı küləklər şəhəridir. Bəzən bu "dəli külək" o qədər güclü əsir ki, ağacları aşır, şüşələri qırılır. Bəzən isə tufan qopur, dəniz dalğaları neftçilərimizi alıb, aparır. 

Yəni, Bakı küləyini hər zaman nəzərə almaq lazımdır. Misal üçün, hər hansı bir tikinti işləri apararkən diqqətli olmaq mütləqdir. Əks təqdirdə, insan həyatı təhlükə altında qala bilər. Amma belə görünür ki, bəzi sahibkarlar bu faktları nəzərə almırlar. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, buna misal olaraq, Bakının tikinti gedən ərazilərini göstərmək olar. Çoxmərtəbəli bina tikiləcək olan ərazini metal tərkibli lövhələrlə qapadırlar. Bu lövhələrə mismarla taxtalar bərkidilir. Hava küləkli olarkən bu metal lövhələr yerindən qoparaq, ətrafa səpələnir. Bu da real təhlükədir. Çünki metal lövhələr çəki cəhətdən yüngüldür. Kənarları da kəsicidir. Onların bərkidilməsi mismarlarla olduğu üçün onlar da insanlara təhlükə yaradır. Bu da o deməkdir ki, küləkli havalarda belə hasarlar olan yerdə, yolun kənarı ilə hərəkət edən piyadaların həyatı heç də təhlükəsiz olmur. 

Belə metal lövhələrlə hasarlanan tikintilərdən biri də Yeni Yasamalda yerləşir. Küləkli gündə hasar sökülüb. Metal parçalar yerlərdə uçuşub. Üzərində yekə mismarlar olan taxta parçalar ətrafa səpələnib. Sakinlər bununla bağlı narazılıq edəndən sonra onların bir hissəsi toplanıb. Hasarların bir qismi təmir edilib. Lakin təhlükə hələ də bitməyib. 

Redaksiyamıza şikayət edən Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsinin sakinləri bildiriblər ki, tikinti gedən ərazilərin bu materiallarla hasarlanması düzgün deyil: "Binanın ərazisini hasarlaya bilərlər. Bunda bir problem görünmür. Amma necə..? Belə materialla olmaz, axı... Yasamal onsuz da küləkli yerdir. Adam hasarın kənarı ilə gedəndə qorxa-qorxa hərəkət edir ki, birdən dəmir qopar, bir yerimizi kəsər. Bir neçə gün qabaq güclü külək var idi. Buradakı hasarlar söküldü. Dəmirlər havada uçurdu. Çünki yüngüldür. Əlimizə keçən parçaların üstünə daş qoyduq ki, uçmasın. Allah eləməsin, kiminsə başını kəsər, maşına çırpılar... Hələ bu da azmış kimi, üstündə mismarlar olan taxtalar ətrafa səpələnib. Gecə vaxtı kimsə onu görməyib, tapdalasa, necə olacaq? Bu hasarlar guya camaatı tikintidə olan kəsici, deşici materiallardan qorumaq üçündür. Amma belə metal hasarlar insanları qorumaqdan çox, onlara təhlükə yaradır".

Eyni mənzərə Bakının digər ərazilərində də hökm sürür. Nə sirdirsə, tikinti sahələrini ancaq bu metal lövhələrlə hasarlayırlar. Misal üçün Nizami rayonu, 8-ci km bazarının yaxınlığındakı tikintidə də eyni materialdan istifadə ediblər. 

Sakinlər belə hasarlardan istifadə edilməsinin səbəbi kimi, onun ucuz başa gəlməsini göstərirlər: "Ən ucuz üsul budur. Tikintidə istifadəyə yararsız olan taxtalar, əyir mismarlar və ucuz material... Bunları birləşdirib, bu hasarları düzəldirlər. Sahibkarlar üçün əsas məsələ puldur. Daha az xərc... İnsanları düşünən yoxdur. Bundan əlavə, belə hasarların çoxluğu sübut edir ki, aidiyyəti orqanlar öz işlərini normal şəkildə görmürlər. Bunun tərsi olsaydı, tikinti sahələrində hasarlama daha təhlükəsiz formada aparılardı". 

Tikinti aparılan ərazilərin müvəqqəti hasarlanmasına səbəb, vətəndaşların təhlükəsizliyi və kənar şəxslərin içəriyə daxil olmasının qarşısını almaqdır. Belə metal lövhələr isə həmin məqsədlərə uyğun gəlmir. 
Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR