Ərəblərin Türkiyəyə deyil, Rusiyaya qucaq açmasının sirri

Ərəblərin Türkiyəyə deyil, Rusiyaya qucaq açmasının sirri
08:12 9 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İraqın Mosul şəhərinə İŞİD-lə döyüşmək və İŞİD-lə döyüşən kürd qüvvələrinə təlim keçmək üçün qoşun yeritməsi İraq hökumətinin etirazına səbəb olub. Rəsmi Bağdad Türkiyəni İraqın ərazi bütövlüyünü pozmaqda, suverenlyinə müdaxilə etməkdə suçlayıb. İraq hökuməti bəyan edib ki, əgər bir sutka ərzində Türkiyə hərbi qüvvələrini geri çəkməsə Rusiyanı köməyə çağıracaqlar. 

Beləliklə, Türkiyənin qonşuluğundakı daha bir ərəb ölkəsi Rusiyaya sığınır. Bundan öncə Suriya lideri Bəşər Əsəd Rusiyanı çağırdı və bölgədə Rusiya-Türkiyə qarşıdurması yarandı. Ərəblərin müsəlman Türkiyəni nədən sevmədiyi, Rusiyaya sığındığı maraq doğurmaya bilməz. Əgər İraq hökuməti də Rusiyanı köməyə çağıracağı halda bölgədə Rusiya-Türkiyə qarşıdurması bir qədər də kəskinləşə bilərmi? 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Suriya və İraq hökumətlərinin davranışı Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtlarda ərəblərə görə Türkiyəni dünya gücləri ilə üz-üzə qoymasının hədər getməsinin daha bir sübutudur: "Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olanda Davos forumunda İsrail prezidenti Şimon Peresə dedi ki, siz Fələstində-Qəzzada insanları qırırsınız. Ərdoğan Şimon Peresin sözünü belə kəsdi və toplantını tərk elədi. Guya Ərdoğan ərəb dünyasından dəstək aldı. İsraillə isə münasibətlər korlandı. Halbuki İsrail neçə il idi Türkiyənin hərbi tərəfdaşı idi. İndi Türkiyə Rusiya münasibətləri gərginləşib, Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Gəlin görək ərəb dünyası Türkiyəyə, Ərdoğana dəstək verirmi? Xeyr. Əksinə, ərəb ölkələri olan Suriya, İraq Rusiyanı köməyə çağırır. Heç bir ərəb ölkəsi Rusiya qırıcı təyyarəsinin Türkiyənin hava məkanı sərhədini pozduğunu bəyan etməyib. Düzdür, bu o demək deyil ki, bütün ərəb dünyası Türkiyədən üz çevirib, Türkiyənin bəzi müttəfiqləri də var. Onlar Səudiyyə Ərəbistanı və Qətərdir. Bu iki ölkə ən varlı ərəb ölkələridir və Türkiyə ilə strateji münasibətlər qurublar. Rusiya ilə münasibətlər gərginləşən kimi Ərdoğan Qətərə səfərə getdi. Qətər bəyan etdi ki, əgər Rusiyadan qaz ixracı azalarsa, dayanarsa, Qətər dövləti Türkiyəyə sıxılmış qaz ixrac edəcək. Amma ərəb dünyasının böyük bir qismi Türkiyənin bölgədəki rolunu qəbul etmək istəmir. Bunlar əsasən Suriya hakimiyyəti və İraqdır. Bəşər Əsədlə münasibətlər Suriyada vətəndaş müharibəsi başlayandan sonra pozuldu. İndi də görürük ki, İraqda da eyni vəziyyətdir".
Milli.Az musavat.com-a istinadən bildirir ki, politoloqun sözlərinə görə, ərəb ölkələri özləri İŞİD-lə bacarmırlar, Türkiyə İŞİD-lə mübarizədə onlara yardım etmək istəyəndə isə bunu ölkəyə müdaxilə kimi qəbul edirlər: "Bəzi ərəb ölkələri elə zənn edirlər ki, Türkiyə gəldisə, Osmanlı quruldu və onlar yenə Osmanlıya daxil edildilər. Ərəblər unutmamalıdırlar ki, Rusiyanı dəvət etmələri ilə vəziyyətlərini daha da ağırlaşdırırlar. Rusiya Bəşər Əsədə dəstək verdiyi üçün İraq hökumətinin də iştahası artıb. Ölkənin yarısına nəzarəti itiriblər, indi  istəyirlər ki, bəlkə Rusiyanın hərbi köməyi ilə itirdiklərini qaytarsınlar. Ancaq yanlış edirlər. Rəsmi Bağdad faktiki olaraq ölkənin bir hissəsinə nəzarət edə bilmir. Neçə illərdir İraqın şimalına nəzarətdən məhrum olub. Həmin bölgədə kürdlər özlərinə faktiki olaraq dövlət qurublar. Şimali İraqa rəhbərlik eləyən Məsud Bərzani ilə Türkiyənin çox sıx əlaqələri var. 

Türkiyə İŞİD-lə mübarizə üçün Bərzaniyə dəstək verir. İraq hökuməti Rusiyanı dəvət etsə, İraqda Rusiya-Türkiyə qarşıdurması meydana gələcək. İraqa girmək Rusiyaya yaxşı nəsə verməyəcək. Suriyanın özünə Rusiyanın müdaxiləsi də Rusiyaya yaxşı nə isə vəd etmir. Rusiya orada ikinci Əfqanıstan yaşaya bilər. Suriyada quru əməliyyatı olmayınca İŞİD məğlub olmayacaq. İraqda vəziyyət Suriyadakından az gərgin deyil. İraq faktiki, üç hissəyə bölünüb. Bağdad Rusiyanı dəstəyə çağırsa Rusiya qarşısında iki gücü görəcək. Rusiya Bağdadın çağırışı ilə İraqa girib İraqdakı kürdləri də özünə düşmən eləsə, bu, ciddi problemlərin yaşanmasına gətirib çıxara bilər. Ona görə də inanmıram ki, İraq hakimiyyəti çağırsa belə, Rusiya Suriya ilə paralel olaraq İraqda da əməliyyatlara girişsin. Çünki Moskva hər halda bilməmiş deyil ki, bu halda vəziyyətləri bir qədər ağırlaşacaq. Rusiya İraqa girsə, geosiyasi vəziyyəti daha da ağırlaşacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR