Donuz qripi Azərbaycana qayıdır?

Donuz qripi Azərbaycana qayıdır?
08:17 9 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

İranın dövlət mediasında yayılan xəbərlərə görə, ölkənin cənub-şərqindəki iki ostanda son 3 həftədə 33 nəfər donuz qripi virusundan vəfat edib. İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib ki, ölüm hadisələrinin 28-i Kerman, 5-i isə Sistan-Bəlucistanda baş verib.

O xəbərdarlıq edib ki, epidemiya Tehran da daxil ölkənin başqa yerlərinə yayıla bilər. Donuz qripini, virisun H1N1 ştammı törədir. Bu ştamm ilk dəfə 2009-cu ildə Meksikada aşkar olunub və sürətlə qlobal miqyasda yayılıb. İSNA agentliyinin başqa bir xəbərində isə deyilir ki, Kerman ostanındakı xəstəxanada 600 nəfər bu virusa yoluxduqdan sonra müalicə olunub.
İranla sərhədlərin açıq olması, müalicə, ticarət məqsədilə bu ölkəyə gedən həmvətənlərimizin sayının çoxluğu isə bu xəbərdən sonra Azərbaycanda ciddi narahatçılıq doğurub. Sözügedən xəstəlik Azərbaycanda da yayıla bilərmi? Bunun qarşısının alınması üçün hansı tədbirlər görülüb? 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuatla əlaqələr departamentinin rəhbəri Yolçu Xanvəli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu, insanlar arasında yayılan xəstəlikdir. Amma ölkəmizdə, eləcə də digər ölkələrdə donuzlar arasında bu xəstəliyin yayılması hallarına rast gəlinməyib: "Ölkəmizdə 7 min başa yaxın donuz peyvənd olunub, onlar daimi nəzarət altındadır. O təsərrüfatda heyvanlar nöqteyi-nəzərdən problem yoxdur. 2008-ci ildə Qəbələdə Afrika taunu qeydə alınıb. O vaxtdan donuzçuluq təsərrüfatının qapalı şəraitə keçirilməsi barədə sərəncam oldu. O vaxtdan hamısı qapalı şəraitdə fəaliyyət göstərir. Yemlərinə xüsusi nəzarət olunur. Donuz əti, donuq piyi  İspaniya və Kanadadan gətirilir. Bunlar kolbasa və digər məhsulların hazırlanması zamanı istifadə olunur".

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova bizə açıqlamasında bildirdi ki, nazirlik daim epidemioloji vəziyyəti nəzarətdə saxlayır və bu günə qədər donuz qripi ilə bağlı hər hansı təhlükə qeydə alınmayıb. Nazirliyin Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova isə dedi ki, onlar intensiv olaraq qabaqlayıcı tədbirlər görürlər. Laboratoriya hazır vəziyyətdədir və avadanlıqlar da qaydasındadır. Konkret İrandan gələn vətəndaşlarımızın yoxlanılmasına gəlincə, R.İsmayılova dedi ki, sərhəddə hərarətli xəstələr dərhal təsbit edilib, hospitalizasiya edilir.

Donuz qripi donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda adi qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. Donuz qripinin adamdan adama keçməsi də olduqca nadir fenomen sayılır. Əvvəllər də donuz qripi epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.

Xəstəlik ilk növbədə donuz qripinə tutulan xəstə adamla yaxın ünsiyyət vaxtı, öskürək və asqırma zamanı ağız seliyi zərrəciklərinin havadan digərinin nəfəs yoluna düşməsi nəticəsində yayılır. Xəstə donuzların olduğu fermalardakı insanlar da xəstəliyə yoluxmaq təhlükəsi ilə üzləşirlər. Adı qripə qarşı effektiv olan preparatlar donuz qripini də müalicə edə bilir. Bu virusun "Zamanvir" və "Oseltamivir" preparatlarına qarşı müqaviməti hələ qeydə alınmayıb.

Hələ ki donuz qripinə qarşı hər hansı peyvənd yoxdur. Xəstə adamlar 7 günə yaxın bir müddətdə və nə qədər ki, xəstəlik prosesi davam edir, başqalarını da yoluxdura bilər. Uşaqlarda yoluxma təhlükəsi daha uzunmüddətli ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR