Amerikalı ekspert Azərbaycanda qadın azadlığı və qadınların uğurları barədə

Amerikalı ekspert Azərbaycanda qadın azadlığı və qadınların uğurları barədə
12:20 9 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 9 dekabr, AZƏRTAC
Amerikada çıxan “Independent Journal Review” nəşrində beynəlxalq ekspert, əvvəllər “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin redaktoru olmuş xanım Maayan Caffenin “Müsəlman ölkəsi olan Azərbaycanda qadınların nüfuzlu vəzifələrə yiyələnməsi Birləşmiş Ştatlarla müqayisədə daha sürətlə baş verir” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif qadınların parlament üzvləri seçilməsinin üstünlüyündən söhbət açaraq qeyd edir ki, dünyada ölkə parlamentinə seçilmiş şəxslər arasında qadınların sayının 33 faizdən çox olduğu cəmi bir neçə dövlət var. Parlamentlərarası İttifaqın hesabatına görə, ölkə parlamentində qadınların sayının ən az olduğu dövlətlər İran və Livan kimi müsəlman ölkələridir. Həmin ölkələrdə bu göstərici cəmi 3 faiz təşkil edir. İspandilli ölkələrin çoxunda isə parlament üzvləri arasında qadınların sayı yetərincə yüksəkdir. Məsələn, Kubada bu göstərici 48,9 faizə, Meksikada 42,4 faizə, Ekvadorda 41,6 faizə bərabərdir. ABŞ parlamentində qadınların sayı 19,4 faiz təşkil edir. Qadınların parlamentə seçilməsi həmin ölkədə demokratiyanın inkişafı əlamətidir. M.Caffe yazır ki, belə ölkələrdən biri də Azərbaycandır. Burada parlament üzvlərinin təxminən 16 faizi qadınlardır. Yeri gəlmişkən, 2015-ci ilin noyabr ayında keçirilmiş sonuncu parlament seçkilərindən sonra bu ölkənin qanunvericilik orqanlarında qadınların sayı 17 faiz olub. Başqa sözlə, Azərbaycan parlamentində qadınların sayı 12 faiz artıb.
Məqalə müəllifi vurğulayır ki Azərbaycanı çox vaxt tənqid edirlər, lakin qadınların imkanlarının genişləndirilməsi məsələsinə gəldikdə Azərbaycandan öyrənməli məsələlər var. Bu il noyabr ayında seçicilər Azərbaycan parlamentinə 125 deputatı 767 namizəd arasından seçiblər. Avropa Parlamentinin üzvü Frans Obermayer qadınların ölkə parlamentinə seçilməsi və bu orqanda iştirakı üçün imkanların təmin edilməsi səylərini yüksək qiymətləndirib.
Azərbaycanın sosial-siyasi həyatında qadınların rolunun artması əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkəmizin mühüm uğurlarından biridir. Bu uğurlar qadınların ölkənin siyasi həyatına cəlb edilməsi sahəsində zəngin ənənələr əsasında qazanılıb.
Azərbaycan vətəndaşlarına ümumi səsvermə hüququ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. O vaxtdan bir neçə qadın ən yüksək vəzifələr, o cümlədən parlamentin vitse-spikeri və Mərkəzi Seçki Komissiyası sədrinin müavini, habelə nazir müavinləri vəzifələrində çalışıblar. İndiki administrasiyada bələdiyyələrdə rəhbər vəzifələrdə çalışan qadınların sayı 35,6 faiz artıb.
Beləliklə, Azərbaycanda qadınlar hökumətdə və digər mühüm hakimiyyət orqanlarında təmsil olunublar. Ölkə parlamentində və bələdiyyələrdə qadınların sayı artır. Maayan Caffe məqaləsini maraqlı bir fikirlə tamamlayır: müstəqillik tarixi 239 ilə bərabər olan Amerikanın qanunverici orqanında yerlərin yalnız 19,4 faizini qadınlar tutursa, bu o deməkdir ki, Azərbaycandan öyrənməli məsələlər var.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikali_ekspert_Azerbaycanda_qadin_azadligi_ve_qadinlarin_ugurlari_barede-909549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR