Azərbaycanda donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb

Azərbaycanda donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb
12:58 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Səhiyyə naziri Oqtay Şirəliyev son günlərdə Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əmrdə respublikanın bütün tibb müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır. Eyni zamanda, qripə şübhəli şəxslərin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi sənəddə öz əksini tapıb.
Əmrdə ağır kəskin respirator xəstəlik halları baş verdiyi halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə məlumat verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyaya çatdırılması, gigiyena və epidemiologiya mərkəzlərinə əhalinin kütləvi məskunlaşdığı yerlərdə dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
Sənəddə bildirilir ki, yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparılmalı, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli bokslar tam hazır vəziyyətə gətirilməli, bu bokslar müvafiq qurumlar tərəfindən dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməlidir.
Bundan başqa, sənəddə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq donuz qripi baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə donuz qripinin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib.
Əmrin son bəndində qeyd edilir ki, aparılmış laborator müayinələrin nəticələri, o cümlədən dövr edən virus ştamları barədə həftəlik məlumatlar Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.
Nazirliyin məlumatında o da bildirilir ki, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_donuz_qripi_xesteliyine_qarsi_profilaktik_tedbirlere_baslanilib-909571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR