Regionların simasını və həyatını dəyişən strategiya

Regionların simasını və həyatını dəyişən strategiya
13:48 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası regionların simasını və həyatını büsbütün dəyişib. Bu dəyişikliklər və baş verən yeniliklər keçmişin və bu günün müqayisəsi zamanı özünü qabarıq şəkildə büruzə verir.
 
Keçmişdə və indi
Azərbaycan regionlarının çox da uzaq olmayan keçmişdəki cansıxıcı görkəmi yəqin çoxlarının yadında olar: qaz yox, işıq tez-tez sönür, çala-çuxur küçə və yollar ürək üzürdü. İstirahət etməyə, vaxt keçirməyə düz-əməlli yer tapa bilməzdin. Bu və digər sosial problemlər, gündəlik həyat və məişət qayğıları başdan aşırdı...
O vaxtlardan çox yox, cəmi 15-20 il keçir. İndi regionda tam fərqli mənzərə ilə qarşılaşırsan. İşıq gecə də, gündüz də yanır. Yaşayış məntəqələrinin böyük əksəriyyətinə təbii qaz verilib, rahat yollar çəkilib, körpülər salınıb. Yaraşıqlı park və bağlar, olimpiya idman kompleksləri, stadionlar, müasir diaqnostika mərkəzləri, xəstəxanalar, məktəblər bu gün rayonların ayrılmaz atributlarıdır. Demək olar hər evdə telefon, internet var.
Şəhərlə region arasında bir fərq qalıbmı?
Dövlət proqramları
Həyat göstərir ki, hər bir uğurun, inkişafın əsasında düşünülmüş dövlət siyasəti, Liderin düzgün qərarları və iradəsi dayanır. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən dərhal sonra regionların inkişafını prioritet məsələ kimi müəyyənləşdirdi. Hər şey 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının qəbul olunması ilə başladı. Növbəti beş ildə görüləcək işlər müəyyənləşdirilərək proqramlaşdırıldı və icrası təmin olundu. Daha sonra 2009-2013-cü illər üzrə Dövlət proqramı uğurla reallaşdırıldı. Hazırda sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı həyata keçirilməkdədir.
İndi isə real nəticələrə nəzər salaq: İlk iki Dövlət proqramının icra olunduğu müddətdə qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb.
Daha bir neçə müqayisə yerinə düşər. 2004-cü ildən indiyədək Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə artıb. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Valyuta ehtiyatlarımız 2004-cü ildə 1,8 milyard dollardan, bu gün 50 milyard dollara çatıb. Artım 25 dəfədən çoxdur. Özü də bu, genişmiqyaslı investisiya proqramlarının reallaşdırıldığı bir dövrdə əldə olunub.
Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb. Onların əksəriyyəti regionların payına düşür. Bu da öz növbəsində yoxsulluğun azalması ilə nəticələnib. Həm işsizlik, həm də yoxsulluq əhəmiyyətli dərəcədə azalaraq 5 faizə düşüb. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün zəmin yaradıb.
Sosial infrastruktur layihələri
Regionların inkişafında sosial infrastruktur layihələri mühüm yer tutur. İlk Dövlət Proqramının qəbul olunmasından ötən 11 il ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir olunub. Regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb.
Təkcə 2014-cü ildə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əlavə vəsaitlər hesabına 960 min nəfər əhalinin yaşadığı 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yolları çəkilib və ya yenidən qurulub. Regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir edilib. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Regionlarda həyata keçirilən sosial layihələr sırasında qazlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tapşırığı ilə rayonlarda qazlaşdırma işləri geniş vüsət alıb. Əgər 2014-cü ildə 58 yaşayış məntəqəsi qazlaşdırılmışdısa, bu ilin on bir ayında 392 kənd və qəsəbəyə təbii qaz verilib. Göründüyü kimi, işin sürəti 7 dəfəyə yaxın artıb. Demək olar, hər gün bu və ya digər kəndə qaz verildiyinə dair xəbərlər alırıq. Məsələn, noyabrın 30-da Saatlı, Sabirabad, Beyləqan, Füzuli və Salyan rayonlarının 14 kəndinə təbii qaz verilib. Elə həmin gün Cəlilabadın 8 kəndi də bu sevinci yaşayıb.
Ümumiyyətlə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, gələn il ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizə çatacaq. Prezidentin tapşırığına əsasən 2018-ci ilədək ölkəmizin bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaq.
Bu gün rayonların əksəriyyətində ən müasir avadanlıqla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub ki, bunun da əksəriyyəti regionların payına düşür. Təkcə bu ilin 9 ayında 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Mingəçevir, Göyçay və Ucar mərkəzi xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib.
Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax və Neftçalada çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir. Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində (onlardan 26-sı bölgələrdədir) 3 minə yaxın xəstə il boyu daimi müalicə alır.
Sosial layihələrdən söhbət düşərkən, təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində maraqla qarşılanan “ASAN xidmət”dən danışmamaq olmaz. Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılmış “Asan xidmət” mərkəzləri paytaxtla yanaşı, artıq region əhalisinə də xidmət göstərir. Sumqayıt, Gəncə, Sabirabad və Bərdədə “ASAN xidmət”in fəaliyyətə başlaması əhalinin gündəlik həyatına öz müsbət təsirini göstərir. Bu günədək “ASAN xidmət”ə respublika üzrə 7 milyondan çox müraciət olunub.
Regionların inkişaf strategiyasında turizm sektorunun inkişafına da xüsusi yer ayrılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində infrastrukturun yenilənməsi, keyfiyyətli servis xidmətləri turistlərin artmasına səbəb olub. Ötən il onların sayı 2 milyon 300 minə çatıb. Turist axınının böyük bir hissəsi məhz regionlarımızın payına düşüb.
Şahdağ Turizm Mərkəzi, Qəbələ “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illərdə inşa olunan ən müasir turizm məkanlarındandır. Artıq onların sorağı sərhədlərimizin hüdudlarını aşıb. İsmayıllı, Quba, Xaçmaz, Qax, Şəki və digər səfalı rayonlarımızda da turizm sürətlə inkişaf etməkdədir.
İqtisadi layihələr
Kənd əhalisinin gün-güzəranı, regionun inkişafı aqrar sektorla bilavasitə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib. Aqrar sektorun müasir dövrün tələblərinə uyğunlaşdırılması sahəyə elmi əsaslarla yanaşılmasını, mütərəqqi təsərrüfatçılıq metodlarının tətbiqini gündəmə gətirib.
Fermerlərə göstərilən hərtərəfli dövlət dəstəyi, aparılan struktur islahatları, reallaşdırılan layihələr öz bəhrəsini verib. Belə ki, son 10 ildə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə, əkin sahələri 64,2 min hektar artıb. Bu və digər amillər hesabına bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manata çatıb. Heyvandarlıq məhsulları istehsalında isə 2004-cü ilə nisbətən 2 milyard manatlığa yaxın artım qeydə alınıb.
Son vaxtlar iri fermer taxılçılıq təsərrüfatlarının yaradılması yeni təsərrüfatçılıq metodu olaraq özünü tam doğruldur. Artıq respublikanın 19 rayonunda 30 belə təsərrüfat yaradılıb. Əkin sahələri 40 min hektardan çox olan bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta göstəricidən təxminən iki dəfə yüksəkdir və hektarda 50-60 sentnerə çatır.
Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun istiqamətində də mühüm addımlar atılır. Bu gün 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəz və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksi fəaliyyət göstərir. Bu, əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynamaqla yanaşı, sahibkarlığın inkişafına da əlverişli şərait yaradır.
Aqrar sektorun inkişafı yolunda atılan digər mühüm addım “Aqrolizinq” xidmətinin yaradılmasıdır. 2009-2015-ci illərdə “Aqrolizinq“ ASC vasitəsilə respublikaya 16 min başadək damazlıq qaramal gətirilərək istehsalçılara güzəştlə lizinqə verilib. Həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən 3 min 667 istifadəçiyə 11 min 748 ədəd kənd təsərrüfatı texnikasına görə 44,5 milyon manatadək güzəşt tətbiq olunub.
Hazırda regionlarda 4400-dən çox müəssisə fəaliyyət göstərir, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 mini ötüb. Vergi daxilolmalarının artması nəticəsində artıq 6 şəhər və rayon xərclərini yerli gəlirlər hesabına maliyyələşdirə bilir.
Regionların inkişafına bir rayonun timsalında baxış
Uğurlu strategiya nəticəsində regionların simasının necə dəyişdiyini, insanların sosial güzəranının əhəmiyyətli surətdə yaxşılaşdığını konkret olaraq bir rayonun timsalında, zənnimizcə, daha aydın və əyani şəkildə görmək olar. Bərdə rayonunu misal göstərmək istərdim və bu seçimim təsadüfi deyil. Bu il martın 12-də Prezident İlham Əliyevin şəxsən açılışını etdiyi Heydər Əliyev adına park-bulvar, “ASAN xidmət” mərkəzi, Uşaq İncəsənət Mərkəzi, Qarabağ Aqrar Sənaye Parkı, 11 kəndi birləşdirən avtomobil yolu... Onların hər biri, ilk növbədə, əhalinin rifahına və rahatlığına, sosial inkişafa xidmət edən layihələrdir.
Son aylarda Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına rayonda 34 mindən çox əhalinin yaşadığı 25 kəndi birləşdirən avtomobil yolları yenidən qurulub, əsaslı təmir edilib. Kəndlərə su və qaz çəkilib, əhalinin bir çox sosial problemləri öz həllini tapıb.
Qarabağ Aqrar Sənaye Parkı isə sahibkarlara dövlət dəstəyinin miqyasını aydın əks etdirir. Parkın tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, ildə 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Burada 300 nəfər daimi iş yeri ilə təmin olunub. İstər iqtisadi, istərsə də əhalinin məşğulluğu baxımından əvəzsiz layihə olan Aqrar Sənaye Parkı 32 milyon manata başa gəlib. Bu vəsaitin 20,4 milyon manatını dövlətin verdiyi güzəştli kredit təşkil edir.
Son dövrün yadda qalan hadisələrindən biri də rayonda 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksinin istifadəyə verilməsidir. Kompleks çox sürətlə, cəmi doqquz aya inşa olunub. Burada 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib.
İndi və gələcəkdə
Bu gün Azərbaycanın bir çox regionları vaxtilə həsəd apardığımız Avropanın şəhər və qəsəbələrindən geri qalmır. Hətta müəyyən parametrlərə görə onları üstələyir. Prezident İlham Əliyevin məqsədyönlü strategiyası sayəsində regionlarımız modernləşir və getdikcə daha müasir görkəm alır. Bir neçə xarakterik misal çəkmək yerinə düşər. Məsələn, Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənə halını alıb. Festivalın əcnəbi iştirakçılarının bu şəhər haqqında necə məmnunluqla danışdıqlarını eşidəndə insanın ürəyi qürur hissi ilə döyünür. Bu rayonda “Beltman” piano fabriki, “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin limonad müəssisəsi, “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksi kimi müasir istehsal sahələri, beynəlxalq aeroport fəaliyyət göstərir. Buradakı Heydər Əliyev Konqres Mərkəzi türkdilli dövlətlərin liderlərinin sammiti kimi çox mötəbər tədbirə ev sahibliyi edib. Rayonun eyni adlı futbol komandası UEFA Liqası kimi mötəbər turnirin qrup mərhələsinədək yüksəlib.
Yaxud, qədim Şəki ənənəvi “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, şirniyyat festivalı, Qafqaz motofestivalı kimi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. “Bakı-2015” birinci Avropa Oyunlarının avarçəkmə yarışları Kür sahilində yerləşən Mingəçevirdə keçirilib. Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Belə misallar çoxdur.
Regionlarımızın bugünkü mənzərəsi 10-15 il əvvəl xəyal kimi görünürdü. Daha 5-10 il keçəcək və bu gün xəyal hesab etdiklərimiz də reallığa çevriləcək. Artıq bunun üçün yetərincə zəmin və siyasi iradə də var, zəngin təcrübə də.
Ceyhun Rüstəmov
AZƏRTAC-ın müxbiri
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Regionlarin_simasini_ve_heyatini_deyisen_strategiya-909595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR