Gələn il Norveçdə gənclər arasında Qış Olimpiya Oyunları keçiriləcək

Gələn il Norveçdə gənclər arasında Qış Olimpiya Oyunları keçiriləcək
15:38 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 9 dekabr, AZƏRTAC
Gənclər arasında növbəti Qış Olimpiya Oyunları 2016-ci il fevralın 12-dən 26-dək Norveçin Lillehammer şəhərində keçiriləcək.
Norveç KİV-lərinin yazdığına görə, 10 gün davam edəcək Oyunlarda bütün dünyadan gənc atletlər Qış Olimpiya Oyunlarının proqramında nəzərdə tutulan on beş idman növü üzrə yarışacaqlar. Bu Oyunlarda mədəni və maarifləndirici aspektlər əsas götürüləcək. Məsələn, innovasiyalı yanaşma sabit inkişaf devizi ilə keçiriləcək açılış mərasiminə də toxunacaq.
Lillehammerdə gənclər arasında Qış Olimpiya Oyunlarında 15-18 yaşlarında 1100 ən yaxşı gənc idmançı iştirak edəcək. İştirakçılar 15 ənənəvi qış idmanı növündə 70 dəst mükafat uğrunda mübarizə aparacaqlar. Oyunlarda idmanın yeni növlərinə və Olimpiya idman növlərinin siyahısının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Oyunların açılış mərasiminin də maraqlı olacağı gözlənilir. Dekabrın 1-də Yunanıstanda Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan mərasimdə Olimpiya məşəli yandırılıb. Olimpiya mənşəli Yunanıstandan Norveçə aparılacaq. Olimpiya məşəli estafeti 2016-ci il fevralın 12-də Lillehammerdə Oyunların açılış mərasimində başa çatacaq. Məşəli şahzadə İnqrid Aleksandra alovlandıracaq.
Xatırladaq ki, gənclər arasında birinci Qış Olimpiya Oyunları 2012-ci ildə Avstriyanın İnsbruk şəhərində keçirilib. Təcrübə göstərib ki, gənclər arasında Oyunların iştirakçılarının çoxu sonradan öz ölkələrinin Qış Olimpiya Oyunları üzrə yığmalarına daxil olublar.
Gənclər arasında ikinci Qış Olimpiya Oyunları gəncləri idmana cəlb etmək məqsədi ilə həmrəylik və birlik devizi altında keçiriləcək. Həmrəyliyi və mədəni birliyi möhkəmləndirmək üçün gənc idmançılara irəli sürülən tələblərdən biri budur ki, onlar Qış Olimpiya Oyunlarının davam edəcəyi 10 gün ərzində bütün tədbirlərdə olmalı və yeni idman və məişət vərdişlərinə yiyələnəcəkləri “Learn and Share” proqramında iştirak etməlidirlər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelen_il_Norvechde_gencler_arasinda_Qis_Olimpiya_Oyunlari_kechirilecek-909648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR