Faciədən qazanc götürənlər

Faciədən qazanc götürənlər
16:47 9 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Dünya informasiya agentlikləri sırasında ilk beşliyə daxil olan Röyter-ə ("Reuters") bu şansı verən məqam xəbər ötürücülüyündəki birincilikdir. Yaradılışı 1850-ci illərə təsadüf edən agentliyin fəaliyyət tarixindəki "ilklər" kifayət qədərdir. 1944-cü ildə Xirosimaya atılan atom bobası barədə xəbərin ilk yayıcısı olmaqla Röyter "Avropa birinciliyinə" çıxmışdısa, 1945-ci ilin aprelində Gestapo rəhbəri Gimlerin müttəfiqlərə təslim olması barədə xəbərə müəlliflik etməklə dünya birincisinə çevrildi. Berlin Divarlarının 1961-ci ildə tikintisinə başlanılması, 1989-cu ildə isə uçurulması barədə ilk xəbəri də Röyter yaymışdı. Hər zamanın uyğun texnologiyalarını mənimsəməsi agentliyə imkan verib ki, rəqiblərini bir addım da olsa, önləyə bilsin. Məsələn, Yuri Qaqarinin kosmosa uçuşu barədə xəbəri digər Qərb xəbər agentliklərindən yalnız 2 dəqiqə öncə yaya bilmişdi.

Amma birincilik hobbisi Röyter-ə heç də həmişə ucalıq gətirməyib. Operativlik naminə jurnalistikanın digər prinsiplərinə - araşdırmaya, dəqiqləşdirməyə önəm vermədiyini bilən rəqibləri, onu nüfuzdan salmağın asan yolunu tapdılar. Qeyri-dəqiq informasiyanı Röyter əməkdaşlarına ötürən rəqiblər məqsədlərinə çatdılar: 1961-ci ildə agentlik SSRİ rəhbəri Xruşşovun ölümü barədə yalan məlumat yaymaqla, ciddi nüfuz itkisinə uğradı. Almaniyanın DPA agentliyi qurduğu torla Röyter-i sarsıda bildi.

Dekabrın 4-də "Günəşli" yatağında baş verən faciə ilə bağlı ilk xəbəri Röyter yaydı. Milli KİV-lər bir neçə saat geri qaldıqları üçün qınanırlar. Qınaq da demək olmaz, 32 nəfər vətəndaşımızın faciəli sonluğu barədə xəbəri 3 saat gecikdiridiyi üçün yerli KİV-lərə olmazın hədyanlar deyilir. Fürsətdən faydalanıb aranı qızışdıranlar, əhalini inamsızlığa və itaətsizliyə səsləyənlər də var. Milli KİV rəhbərlərinin açqılamalarından bəlli olur ki, Röyter-in istinad etdiyi qaynağın yaydığı xəbər onlarda öncədən olub. Amma Röyter-dən fərqli olaraq, QHT təmsilçisinin Feysbuk hesabında paylaşdığı statusu rəsmi qurumların dilindən dəqiqləşdirmək üçün çalışıblar. Araşdırma aparmaq jurnalistikanın prinsipidir. Tələsik, qeyri-dəqiq olaraq yayılmış informasiyanın necə problemlər yaradacığını hər kəs bilir. 2014-cü ilin avqust hadisələrindən sonra isə KİV-lərə birbaşa təlqin olunur ki, milli təhlükəsizliklə bağlı məsələlər "Operativlik" prinsipindən daha öndədir. Dilemmadır, isbata ehtiyacı var, amma günümüz üçün haqlı tələbdir. İsbat üçün hər kəsin öydüyü Röytər-ə baxaq. Yuxarıda Röyter-in doğru-yalan yaydığı operativ informasiyalardan örnək verdik. Amma bu örnəklərin heç biri Böyük Britaniyaya həsr edilməyib. Mövzu Britaniyadırsa, Röyter tələsməz, "operativlik" yox, "obyektivlik" düşünər. Bu agentliyin tarixində Britaniyaya aid tələsik yayılmış, dəqiqləşdirilməmiş məlumata rast gəlmək qeyri-mümkündür.

Mətbuat Şurasının sədri Əflatun Amaşov yaranmış durumla bağlı bəyanat yaydı. Bəyanatda vurğulanır ki, "Günəşli" faciəsi ilə bağlı xəbərin ilk olaraq xarici mətbuat vasitələrində getməsi yaxşı hal deyil. Bu yolla ölkə vətəndaşı xəbərlər almağa yerli mətbuata deyil, daha çox transmilli media vasitələrinə, xarici mətbuata öyrəncəli olur. Günlərin birində həmin o transmilli media vasitələri Azərbaycanın milli maraqları ilə uyuşmayan məlumat yaya bilərlər. Bu da Azərbaycan kimi bir ölkəyə, sabitliyə təsir edər.

Hədəf bəllidir. Xəbəri milli KİV-lər yox, onların dəqiqləşmə üçün üz tutduqları mətbuat xidmətləri gecikdiriblər. Yeni problem deyil. İllərdir ki, xəbər verməli olan strukturlar milli KİV-lərin baş bəlasına çevrilib. Hədəf bəllidirsə, istiqamət də ora yönəlməlidir. Hədəfi yayındırmaq, faciədən faydalanıb hadisələri fərqli istiqamətə aparmaq, yalnız düşmən işidir.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR