Bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır

Bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır
16:48 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 9 dekabr, AZƏRTAC 
Son hadisələr rusiyalıları adət etdikləri kurortlardan əl çəkməyə məcbur edib və turistlər tez-tez özlərinə yeni istiqamətlər seçirlər. Rusiyadan olan dincələnlər ilk növbədə qonşu MDB ölkələrinə diqqət yetirirlər və bu ölkələr arasında şəksiz lider Azərbaycandır.
Qədim abidələr, gözəl təbiət, maraqlı marşrutların bolluğu, milli mətbəx, Avropa xidməti ilə Şərq koloritinin vəhdəti, dil əngəlinin olmaması, qısamüddətli uçuş və əlbəttə, məşhur Qafqaz qonaqpərvərliyi. Bax rusiyalıları günəşli Azərbaycana cəlb edən bunlardır. “Bizim dünya” layihəsinin rəhbəri, dünya ətrafında avtomobil ekspedisiyasının (Rusiya) üzvü Aleksey Kamerzanov deyir: “Burada qonaq, yəqin ki, ən əziz adamdır. Azərbaycan çox parlaq və maraqlı xatirələrlə yadda qaldı”. Planetimizin çox guşələrində olmuş bu səyyahın Xəzərin sahilində yerləşən respublikanı müqayisə etmək imkanları genişdir və buna baxmayaraq, o, məhz Bakını ən təmiz, müasir və gözəl şəhər adlandırıb.
Rusiya-Azərbaycan Dostluq Mərkəzindən (RADM) bildiriblər ki, bu gün Rusiyanın turizm firmaları Azərbaycan istiqamətinin inkişafına maraq göstərirlər. Omskın “Avrasiya-Tur” firmasının nümayəndəsi Larisa Savostyanova Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisə edərək bildirir ki, bu gün Azərbaycan qonaqlarını heyrətləndirmək iqtidarındadır.
Məşhur “National Geographic Traveler” jurnalının keçirdiyi sorğuya əsasən tərtib olunan reytinq Azərbaycanın hamı tərəfindən tanınan kurort ölkələrindən birinciliyi yaxın vaxtlarda ələ keçirmək iqtidarında olduğunu təsdiq edir. Həmin reytinqə görə, Azərbaycan “Çimərlik istirahəti” nominasiyasında dördüncü yeri tutub, “Qastronomik turizm” istiqamətində ilk üç yeri tutan ölkələrdən biri olub və “İlin kəşfi” nominasiyasında birinci yerə layiq görülüb.
Amma turizmin inkişafı istiqamətində görüləsi işlər hələ çoxdur. “Olimpiya Rayzen Sibir” şirkətinin rəhbəri və Novosibirskin Beynəlxalq Əlaqələrin İnkişafı Komitəsinin Turizm Təşkilatları Assosiasiyasının sədri Viktor Dan RADM-nin direktoru Natalya Krasovskaya ilə söhbətində informasiya fəaliyyətinin zəruri olması mövzusuna toxunub: “Tələb təklif doğurur, amma tələbi formalaşdırmaq, inkişaf etdirmək lazımdır. Turları satmaq üçün insanları hara göndərdiyini bilməlisən. Yeni fəaliyyət sahəsini mənimsəmək üçün ölkə ilə tanış olmaq gərəkdir”.
Rusiyalıların bugünkü Azərbaycanla bağlı yetərincə məlumatlı olmaması probleminin mövcudluğundan danışan Natalya Krasovskaya deyib: “Bu vakuumu doldurmaq təşkilatımızın prioritetlərindən biridir. Azərbaycan yaxın qonşumuzdur, yaxşı dostdur və mən əminəm ki, ölkələrimiz arasında turizm mübadiləsinin inkişafı bu dostluğun möhkəmlənməsinə xidmət edəcək”.
Ekspert əhalinin məlumatlandırılmasının turizmin inkişafı üçün müsbət stimul olmasının təsdiqi kimi Avropa Oyunlarını misal çəkib. Oyunlar işıqlandırılmadan sonra rusiyalılar öyrəndilər ki, bugünkü Bakı inkişaf etmiş infrastruktura malik müasir şəhərdir. Bu, çoxlarını Azərbaycan paytaxtına gəlməyə sövq etdi.
V.Dan hesab edir ki, Azərbaycanın profil nazirliyinin turizm operatorları üçün forum təşkil etməsi daha düzgün olardı. Bu, Azərbaycan tərəfi ilə müvafiq saziş imzalamağa imkanı verərdi. Onun fikrincə, media-tur lazımdır. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Doğrudur, hələlik regional səviyyədə: Sverdlovsk vilayətində tanışlıq turları haqında xüsusi saziş imzalanıb.
İndi qarşıda irihəcmli kompleks iş gözləyir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanın Rusiyanın aparıcı turizm operatorları ilə əməkdaşlığa hazır olduğunu bəyan edərək deyib: “Azərbaycan Turizm Assosiasiyası “AZAL” aviaşirkəti ilə bir sıra işlər görüb, otellərlə danışıqlar aparılıb, yeni paketlər təsdiq edilib. Biz hesab edirik ki, rusiyalı turistlərin Azərbaycana axını ildən-ilə çoxalacaq”.
Rusiya-Azərbaycan parlametlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, yaxın iki ildə rusiyalı turistlərin Azərbaycana, Azərbaycandan olan turistlərin Rusiyaya axını artacaq. Deputat deyib: “Bir neçə ildir ki, Azərbaycandan olan turistlərin Rusiyaya axını qeydə alınıb. Qonaqlar istirahət etmək üçün adətən Krasnodar diyarına, Dağıstana üz tuturlar. Hesab edirəm ki, gələcəkdə Azərbaycandan olan turistlərin axını daha böyük vüsət alacaq ki, bu da həm bütövlükdə turizm sahəsinə, həm büdcəyə, həm də xalqlarımızın qarşılıqlı münasibətlərinə müsbət təsir göstərəcək”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Azerbaycan_qonaqlarini_heyretlendirmek_iqtidarindadir-909688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR