Beynəlxalq konfransda Azərbaycan dövlətinin gender siyasətinin müsbət nəticələri barədə məlumat verilib

16:48 9 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 7 dekabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, bu qurumun Qadın Təşkilatı və Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə İstanbulda qadınlara qarşı zorakılığın dayandırılması mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova təmsil edir. Konfrans çərçivəsində keçirilmiş “Qadına və qız uşaqlarına qarşı zorakılığın qarşısının alınması modeli” mövzusunda panelə sədrlik edən Hicran Hüseynovanın digər paneldə də çıxışı dinlənilib.
Postsovet məkanda ilk dəfə Azərbaycanda qadın məsələləri üzrə dövlət qurumunun yarandığını diqqətə çatdıran Hicran Hüseynova ölkəmizdə qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Təcavüzkar Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox insanın məcburi köçkünə çevrildiyini diqqətə çatdıran komitə sədri bildirib ki, doğma yurd-yuvalarından didərgin düşən azərbaycanlı qadınlara aid problemlərin əsasında hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dayanır.
Hicran Hüseynova Azərbaycanda gender siyasətinin müsbət nəticələri, o cümlədən bu sahədə mükəmməl hüquqi bazanın mövcudluğu, qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün çevik icra mexanizminin fəaliyyəti barədə də danışıb. Bildirib ki, bütün ölkələrdə xalqların öz dəyərləri, mili adət və ənənələri çərçivəsində qadın zorakalığının qarşısının alınması məqsədi ilə elmi əsaslara və beynəlxalq təcrübəyə söykənən çevik mexanizmlər qurması daha məqsədəuyğun olardı. Bundan başqa, qadın hüquqlarına dair Beynəlxalq konvensiyalarda müəyyən olunan bütün məsələlərin həyata keçirilməsinə dair əsaslar müəyyənləşdirilməlidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən əsaslı layihələr barədə məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Hicran Hüseynova beynəlxalq konfransa qadın zorakılığının qarşısının alınması, eləcə də dövlət gender siyasətinə dair Azərbaycan modelinin digər ölkələrdə tətbiqi yollarını iştirakçı tərəflərə çatdırmaq məqsədilə dəvət olunub.
Konfrans işini dekabrın 11-dək davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_konfransda_Azerbaycan_dovletinin_gender_siyasetinin_musbet_neticeleri_barede_melumat_verilib-909687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR