AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib
17:17 9 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib. AMEA-dan "Report"a verilən məlumata görə, bu barədə qərar akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. 
Bildirilib ki, Azərbaycan elmində əldə olunmuş nəticələrin yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşr etdirilməsi Azərbaycan elminin təbliği, tanıdılması və dünya elmi məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin alimlər öz elmi əsərlərinin xarici dillərə tərcümə edilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, əksər hallarda qrammatik və məzmun baxımından düzgün tərcümə olunmamış elmi məqalə elmi nəticənin mahiyyətini düzgün və tam ifadə edə bilmir. Bütün bunlar AMEA-da tərcümə işi üzrə ixtisaslaşmış xüsusi qurumun yaradılması zərurətini meydana çıxarıb.
Həmçinin, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları TOEFL və ya IELTS proqramları üzrə aparıldığı üçün tədrisin də həmin proqramlara uyğun aparılması zəruridir. Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Xarici dillər kafedrası isə adı çəkilən proqramlar üzrə tədrisi həyata keçirmək üçün müvafiq kadr potensialına malik olmadığından onun ləğv edilməsi məqsədəuyğundur. Qeyd edilənlərə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Təhsil şöbəsinin tabeliyində olan Xarici dillər kafedrasının ləğv edilməsi barədə qərar qəbul edib. Xarici dillər kafedrasının bazasında isə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda "Elmi tərcümə şöbəsi" yaradılması qərara alınıb. 
İclasda, həmçinin "Elmi tərcümə şöbəsi"nin strukturuna daxil olacaq ştat vahidləri də müəyyənləşdirilib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova bir ay müddətində Elmi tərcümə şöbəsinin əsasnaməsini hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/amea-reyaset-heyeti-aparatinin-elm-ve-tehsil-idaresinin-strukturunda-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR