AMEA: Dilçilik İnstitutu ilə bağlı məsələ şişirdilir

AMEA: Dilçilik İnstitutu ilə bağlı məsələ şişirdilir
17:28 9 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin dünyasını dəyişməsindən sonra bu institutda xaosun, ciddi qayda pozuntularının yaranması, sənədlərin saxtalaşdırılması prosesi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İ.Həbibbəyli Trend-ə bildirib ki, əslində bu məsələlər bir qədər şişirdilir. Onun sözlərinə görə, T.Hacıyevin ölümündən sonra Dilçilik İnstitutunun fəaliyyətinə AMEA-nın rəhbərliyi nəzarət edir: “Təəssüf edirəm ki, Tofiq müəllimin imzasının saxtalaşdırılması ilə bağlı anlaşılmazlıq var idi. Dilçilik İnstitutunda xüsusi problem görmürəm. İki gün əvvəl İnstitutun şöbə müdirləri ilə söhbətlər aparmışam. Eyni zamanda Akademiyanın akademik katibi Dilçilik İnstitutunun əlaqədar qurumları ilə iş aparır, qarşıya çıxan məsələləri həll edir. İnstitutda qalaq-qalaq dissertasiyaların qalması haqqında deyilənlər də reallığı əks etdirmir”.

İ.Həbibbəyli qeyd edib ki, Dilçilik İnstitutuna yeni direktorun təyin edilməsi barədə hələ konkret qərara gəlinməyib: “Hazırda Akademiyanın rəhbərliyi yeni rəhbərin təyin edilməsi haqqında müzakirə aparır. Tanınmış, həmin ixtisas üzrə idarəetmə qabiliyyəti olan, cəmiyyətin qəbul etdiyi bir nəfərə etimad göstəriləcək. Vacib deyil ki, o, AMEA-da çalışsın. Əsas odur ki, onun qabiliyyəti olsun”.

Xatırladaq ki, Dilçilik İnstitutunun şöbə müdiri, elmlər doktoru İdris Abbasov T.Hacıyevin ölümündən sonra instututda xaos yarandığı bildirib: “Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Tofiq müəllimin vəfatından sonra institutda iş ahəngi pozulub. Boş qalan direktor postuna rəhbər təyin olunmaması direktorsuz bir gün belə, ötüşə bilməyən institutda vəziyyəti xeyli gərginləşdirib. Qeyd etmək istəyirəm ki, artıq institutda gedən proseslər mənfi məcraya doğru inkişaf edir. Direktorsuzluq mühitindən doğan özbaşınalıq o həddə çatıb ki, rəsmi sənəd saxtalaşdırılması prosesinə start verilib. Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Bir sözlə, institutda xoşagəlməz proseslər gedir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR