Kukla Teatrında yeni premyera

Kukla Teatrında yeni premyera
17:46 9 Dekabr 2015
25 Şou
Ölkə mətbuatı
A- A+

Balacaların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 20-də premyera tamaşası ilə yenidən teatrsevərləri bir araya gətirəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, balaca tamaşaçılar bu dəfə tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyəcəklər.

Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsi böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələri dəf etməkdir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlar da sintez olunub.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla göstərən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir.

Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.

Qeyd edək ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də məhz bu tamaşa ilə çıxış edəcək. Qış pərisi, Yatmış gözəl, Cəngavər Pişik, xeyirxah Dəniz qulduru, sadiq dost Gonbul, yaraşıqlı Şahzadə kimi personajların yer aldığı tamaşa uşaqlara xoş anlar yaşadacaq. Bundan başqa balacalar teatrda hər tamaşanın ardınca Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında əyləncəli proqramı da izləyə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR