“Təhsil haqqında” Qanunda dəyişiklik müzakirə edilib

17:53 9 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da V çağırış Milli Məclisin elm və təhsil komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. İsa Həbibbəyli bildirib ki, hazırda xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir. Qeyd edilib ki, qanun layihəsində təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən həmin sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə yaradılması ilə bağlı məhdudiyyətin) aradan qaldırılmasını nəzərdə tutur. Bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq. Çıxış edən deputatlar qanun layihəsinin vacibliyini vurğulayıblar. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Daha sonra komitənin 2016-cı ilin yaz sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, iş planına “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilməsi, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasının təşkili, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və ali təhsil haqqında qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi, ekspertizası və digər məsələlər daxildir.
İclasda “Elm haqqında” qanun layihəsinin daha da təkmilləşdirilməsindən danışılıb və gündəlikdə duran digər məsələlərə baxılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_haqqinda_Qanunda_deyisiklik_muzakire_edilib-909734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR