Macarıstanda Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmə ictimai baxış keçirilib (FOTO)

Macarıstanda Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmə ictimai baxış keçirilib (FOTO)
18:08 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi və Macarıstan Turan Fondunun təşkilatçılığı ilə macar və azərbaycanlı kinematoqrafçıların çəkdiyi, Dağlıq Qarabağdakı erməni işğalından, bu ərazilərdə həyata keçirilən etnik təmizləmə siyasətindən, habelə ötən əsrin ən böyük cinayətlərindən biri olan Xocalı soyqırımından bəhs edən “Atəşkəs” sənədli filminə ictimai baxış keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, film Budapeştin böyük və qədim mədəniyyət ocaqlarından biri olan “Uraniya” kino-teatrında nümayiş etdirilib.

Film nümayişindən əvvəl tanınmış macar ictimai-siyasi xadimi, keçmiş səfir, hazırda Macarıstan parlamentinin deputatı olan Andraş Kellemen, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, filmin rejissoru İştvan Ban və Macarıstan Turan Fondunun prezidenti Andraş Biro çıxış ediblər. Onlar filmin mərkəzində dayanan faciəli hadisələr – Dağlıq Qarabağın işğalı və onun bir milyon nəfərə qədər azərbaycanlının taleyində oynadığı ağır rol, münaqişənin nizama salınması istiqamətində göstərilən səylər haqqında məlumat veriblər. Macarıstan sənədli kino ustalarının azərbaycanlı həmkarları ilə əlbir şəraitdə ingilis subtitrləri olan belə bir ekran əsəri yaratmalarını Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətinin və miqyaslarının Avropa ictimaiyyətinə çatdırmaq baxımından mühümlüyü vurğulanıb.

Zala toplaşan 500 nəfərə yaxın tamaşaçı 50 dəqiqə ərzində Dağlıq Qarabağda və Azərbaycanın işğala, etnik təmizlənməyə məruz qalmış digər ərazilərində erməni separatçılarının törətdikləri dəhşətli cinayətləri faciə qurbanlarının öz dilindən dinləyiblər. Eyni zamanda ABŞ, Almaniya, İngiltərə, Fransa və başqa ölkələrdən olan mütəxəssislərin Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mülahizələri ilə tanış olmaq imkanı qazanıblar. Filmin təsir gücünü işıqlar yanandan sonra da tamaşaçıların bir müddət donmuş kimi yerlərində oturmalarından müşahidə etmək mümkün idi.

Filmin nümayişində Macarıstan parlamentinin on nəfərdən çox üzvü, siyasi partiyaların nümayəndələri, Budapeştdə akkreditə olunan diplomatik korpus əməkdaşları, çoxsaylı mətbuat təmsilçiləri iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2467569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR