Azərbaycan cinayətkarlığa qarşı mübarizə sahəsində nümunəvi dövlətlərdəndir

19:08 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə 1300 iddiaçının arasından daha hazırlıqlı olan 280 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Namizədlərə müraciətlə çıxış edən R.Usubov yaxın tariximizə qısa ekskurs edərək müstəqilliyin ilk illərində respublikamızdakı mürəkkəb vəziyyət, kriminogen durumun nəzarətdən çıxması, yaranmış siyasi-iqtisadi böhran barədə söz açaraq cəzasızlıq mühitinin Azərbaycanın bir dövlət kimi mövcudluğunu sual altında qoyduğunu xatırladıb. Nazir belə ağır vəziyyətdə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışının ölkəni məhv olmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini vurğulayıb.
Qeyd olunub ki, məhz Ulu Öndərin rəhbərliyi və şəxsi nəzarəti altında hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə kriminogen durum nəzarətə götürüldü, daxili sabitlik bərpa edildi. Artıq neçə illərdir Azərbaycan cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində nümunəvi dövlətlərdəndir.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, möhkəm iradəsinin, hüquq mühafizə orqanlarının birgə əlaqəli fəaliyyətinin nəticəsidir ki, bu gün ölkədə sabitlik, ictimai asayiş etibarlı şəkildə qorunur, eyni zamanda, daxili işlər orqanlarının inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Daxili işlər naziri deyib ki, ulu öndər Heydər Əliyev ölkəmizin gələcəyinin yüksək biliyə, geniş dünyagörüşə və işgüzarlığa malik vətənpərvər gənclərlə bağlı olduğunu dəfələrlə vurğulayıb. Bu gün də gənclərə lazımi diqqət və qayğı göstərilməsi, onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələri ölkə və DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdəndir.
Polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir Ramil Usubov namizədlərə gələcək xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_cinayetkarliga_qarsi_mubarize_sahesinde_numunevi_dovletlerdendir-909784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR