Ucarda dini icmaların nümayəndələri gənclərlə görüşüb

Ucarda dini icmaların nümayəndələri gənclərlə görüşüb
20:58 9 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ucar Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” adlı layihənin icrasını davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində növbəti tədbir dekabrın 9-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva tədbiri açdıqdan sonra Nardaranda dini ekstremistlərlə mübarizədə həlak olan qəhrəman polis əməkdaşlarının və “Günəşli” yatağında baş vermiş partlayış nəticəsində həyatını itirmiş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
TUMİB sədri Çingiz Bayramov tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, dini radikalizmə qarşı mübarizə aparmaq rəsmi qurumlarla yanaşı, həm də vətəndaş cəmiyyəti institutlarının vəzifəsidir. Azərbaycanın tolerant ölkə olduğuna diqqət çəkən TUMİB sədri gəncləri xalqımızın milli və dini dəyərlərinə sahib çıxmağa çağırıb.
Ç.Bayramov, həmçinin ulu öndər Heydər Əliyevin yad ideologiyalara qarşı apardığı mübarizədən də danışıb. Deyib ki, Heydər Əliyev tərəfindən sistemləşdirilmiş azərbaycançılıq ideologiyası yad ideologiyalara mübarizədə əsas silah olub: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmaqla, müvafiq qurumlar öz üzərlərinə düşən vəzifəni layiqli şəkildə icra edirlər”.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların hərtərəfli qayğı ilə əhatə olunduğunu deyib. Qeyd edib ki, ölkəmizdə insanların dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün heç bir maneə yoxdur. S.Verdizadə gəncləri yad ideologiyalara qarşı mübarizə aparmağa səsləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ucar şöbəsinin müdiri Nizami Məmmədov dini icmaların qarşısında dayanan vəzifələr barədə söhbət açıb. N.Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti haqda tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Göyçay şəhər mərkəzi məscidinin dini icmasının sədri, TUMİB üzvü Müşfiq Əsgərov dində zorakılığa yer olmadığını deyib. Qeyd edib ki, zorakılığa çağırış İslam dininin əsaslarına zidd olduğu üçün qəlbində Allah sevgisi olan hər bir insan bu əməllərdən çəkinməlidir.
Tədbirdə, həmçinin Ucar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, Ucar şəhərindəki “Cümə” məscidinin dini icmasının sədri Ceyhun Əliyev, Bərgüşad kənd dini icmasının sədri Səməd Abıyev, gənc fəal Kazım Məmmədov və başqaları çıxış edərək, Azərbaycanda din xadimlərinə göstərilən qayğıdan danışıblar.
Sonda tədbir iştirakçıları TUMİB-in diplomu ilə təltif olunublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ucarda_dini_icmalarin_numayendeleri_genclerle_gorusub-909841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR