Neftlə manatın son savaşı

Neftlə manatın son savaşı
09:27 10 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 8-də dünya birjalarında neftin qiyməti 40 dollara yaxınlaşıb. London birjasındakı hərraclarda Brent markalı neft 5,28% ucuzlaşaraq 40,73 dollara enib. Nyu-York birjasındakı hərraclarda isə WTI markalı neftin bir barrelinin qiyməti 6%-dən də çox ucuzlaşaraq 37,56 dollara düşüb.

Milli.Az azadliq.info-ya istinadən xəbər verir ki, bu, son 6,5 ildə neftin ən aşağı qiymətidir. Sonuncu dəfə neftin qiymətinin bu həddə düşməsi 2009-cu ilin martında baş verib. Bəs bu cür tendensiya Azərbaycana nə vəd edir? Xüsusilə manatın neftin qiymətindən asılı olduğu bilindiyi bir zamanda belə tendensiya büdcə üçün hansı çətinlikləri yaradır? Ekspertlərin fikrincə, böhran artıq qapıdadır.

İqtisadçı Məhəmməd Talıblı bildirir ki, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərini azaldan faktordur. Gələn ilin dövlət büdcəsində büdcə kəsirinin 1.7 milyard manat proqnozlaşdırıldığını deyən M.Talıblının sözlərinə görə, neftin bir barrelinin qiymətinin büdcədə 50 dollardan götürülməsi çətinlikləri artıra bilər: "Neftin qiymətinin qalxması deyil, əksinə, düşməsi proqnozlaşdırılır. Beynəlxalq qurumların proqnozları bunu göstərir. Büdcə kəsirinin yuxarı həddi daha da artacaqdır. Dövlət büdcəsindəki kəsiri qapamaq üçün hökumət həm də xarici borclanmaya girməyə məcbur olacaq. Neftin qiymətinin bu səviyyədə qalması Azərbaycanın həm gəlirlərinə, həm də xərclərinə təsir edir. Ona görə neftin qiyməti daha real həddə müəyyənləşdirilməli idi. Bu hədd 40 dollar olmalı idi".

Manatın aqibətinə gəlincə, M.Talıblı bildirdi ki, neft pullarının azalması dollar kütləsinin də azalması deməkdir. "Ölkədə dolların azalmasının fonunda dollara tələb artacaq. Bu isə manatın dəyərinin daha da aşağı düşməsinə gətirib çıxaracaq. Nəticədə vətəndaşlar yığımlarını daha çox ABŞ dolları ilə aparacaq", - deyə M.Talıblı bildirdi.

İqtisadçı Samir Əliyev "Azadlıq" radiosuna müsahibəsində deyib ki, neftin indiki qiyməti manat üçün təhlükə yaratmasa da, daha da enəcəyi təqdirdə manatın ucuzlaşması qaçılmaz olacaq: "Neftin qiymətinin 40 dollara enməsi manat üçün təhlükə yaratmır. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxmalı olacaqlar. Indi artıq neft 40 dollar həddinə çatıb. Hətta bir qədər də düşməsi, yəni 30, hətta 20 dollara qədər düşməsi ilə bağlı müxtəlif qurumlar, ekspertlər proqnozlar verir. Dekabrın 15-16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclası olacaq. Bu iclasda uçot dərəcəsinin qaldırılması məsələsinə baxılacaq. Uçot dərəcəsinin qaldırılması ehtimalı yüksəkdir. Əgər bu baş verərsə, onda dollar bir az da möhkəmlənəcək. Neftin 40 dollardan da aşağı düşməsini ehtimal etmək olar. Belə bir vəziyyət, təbii ki, manat üçün gərginlik yaradacaq. Onsuz da neft 40 dollardan aşağı düşməsə belə, manatın ucuzlaşması qaçılmazdır".

S.Əliyevin fikrincə, neftin ucuzlaşmasının Azərbaycana təsiri yaxşı olmayacaq. "Çünki manatın ucuzlaşması manatla maaş alan əhalinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Daha doğrusu, dəyərsizləşməsinə gətirib çıxaracaq. İnflyasiya yüksək olacaq, qiymətlər qalxacaq. Xüsusən də xaricdən gətirilən mallar bahalanacaq", - deyə S.Əliyev vurğuladı.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR