İlham Əliyev Çindən Azərbaycanla canlı bağlantı yaratdı

İlham Əliyev Çindən Azərbaycanla canlı bağlantı yaratdı
10:16 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Çində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Pekində Paytaxt Muzeyi ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyinin memarlıq-dizayn konsepsiyası insan və mədəniyyət irslərinin cəmiyyətə xidmət etməsinə əsaslanır, keçmişin və indiki dövrün, tarixin və müasirliyin, incəsənətin və təbiətin ahəngləşdirilmiş inteqrasiyasını əks etdirir.

Muzeydə Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid geniş kolleksiyalar nümayiş olunur. Bunların arasında Çin folkloruna, adət-ənənələrinə, həmçinin məişətinə aid eksponatlar maraq doğurur. Burada qədim farfor, bürünc, rəsm, heykəltəraşlıq nümunələrindən, bütpərəstlik abidələrindən ibarət böyük kolleksiya da var.

Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir.

Prezidentə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra o “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub. Bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huawei”in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.

Burada “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb.

O, “Huawei” Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini və öz fəaliyyətini genişləndirməsindən şad olduğunu deyib.

"Bu yaxınlarda mən “Bakutel” sərgisində “Huawei”in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, “Huawei” Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram".

Qeyd edək ki, “Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə öz uğurlarını artırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR