Azərbaycanda dövlət qulluqçuları attestasiyadan keçəcək - yeni qaydalar təsdiq olundu

Azərbaycanda dövlət qulluqçuları attestasiyadan keçəcək -  yeni qaydalar təsdiq olundu
10:23 10 Dekabr 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qaydaların məqsədi dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəldiyini müəyyənləşdirməkdir.

Qaydalara əsasən attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiyaya tabeçilik qaydasında yuxarı dövlət orqanının nümayəndəsinin cəlb edilməsinə həmin yuxarı dövlət orqanının rəhbərinin razılığı ilə yol verilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.

Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

Dövlət qulluqçusu attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR