Bakı, 10 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “AzVirt” MMC şirkəti tərəfindən Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin yenidən qurulması işləri həyata keçirilir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, həmin yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin uzunluğu 7 kilometr təşkil edir. Ümumi uzunluğu 22 kilometrə yaxın olan Qala-Pirallahı avtomobil yolunun yenidən qurulması "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"na əsasən görülür.
Layihənin reallaşdırılmasında əsas məqsəd Qala və Pirallahıdan həm şəhərin mərkəzi, həm də Mərdəkan və Bilgəh qəsəbələri istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin etməkdir.
Qeyd olunub ki, yolun 4 hərəkət zolaqlı 15 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib.
Hazırda tikinti işləri müəyyən edilmiş cədvəl üzrə davam etdirilir. Avtomobil yolunun yenidən qurulması işlərinin 2016-cı ildə tamamlanması planlaşdırılır.