Bu milyarder təlxəyin Ziya Məmmədovla nə əlaqəsi var?

Bu milyarder təlxəyin Ziya Məmmədovla nə əlaqəsi var?
11:13 10 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə iddialı Donald Tramp Rusiyanın Suriyaya hava zərbələrini dəstəkləyib və deyib ki, 2016-cı ilin noyabrında prezident seçilsə, minlərlə suriyalı qaçqını geri qaytaracaq.

Ağ evin sözçüsü Coş Ernest deyib ki, prezidentliyə iddialı respublikaçı Donald Trampın müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması təklifi onun ölkə başçısı olmağa hazır olmadığını göstərir. 
Ernest qeyd edib ki, hər bir prezident ABŞ Konstitusiyasını "qoruyacağına və müdafiə edəcəyinə" and içir, Trampsa bu anda uyğun gəlmir.

Respublikaçıların əsas namizədi olan Donald Tramp bazar ertəsi bəyanatla çıxış edərək ABŞ-ın müsəlmanların ölkəyə daxil olmasını qadağan etməli olduğunu bildirib. Onun bu təklifi hətta öz partiyasından olan digər namizədlərin də tənqidinə səbəb olub.
Ağ ev sözçüsü Ernest deyib: "İndi məsələ ondadır ki, Respublikaçılar Partiyasının qalan hissəsi Trampla birlikdə tarixin zibil qabına yuvarlanacaqlarmı. Hal-hazırkı trayektoriya o qədər də yaxşı görünmür".

Dövlət katibi Con Kerri də Trampın sözlərini qınayıb: "...Ayrı-seçkiliyin olmaması və bərabər münasibət təkcə Amerika dəyərlərinin yox, həm də bizim immiqrasiya siyasətimizin sütunlarından biridir. Dövlət Departamenti bütün dinlərə hörmətlə və ayrı-seçkilik qoymadan münasibət bəsləməyə davam edir. Dünyanı gəzdikcə mənə aydın olur ki, bizim həm dostlarımız, həm də düşmənlərimiz ABŞ-dakı diskussiyaları yaxından izləyir və dinləyir. Mən düşünürəm ki, buna bənzər şərhlər diplomatik dillə desək, konstruktiv deyil".
Pentaqon sözçüsü Peter Kukun sözlərinə görə, Donald Trampın ifadə etdiyi fikirlər ABŞ-ın milli təhlükəsizliyini risk altına qoyur.
O deyib ki, "İŞİD-in ritorikasını dəstəkləyən və ABŞ-ı islam dininə qarşı qoyan hər hansı fikir təkcə bizim dəyərlərimizə yox, həm də milli təhlükəsizliyimizə ziddir".
"Azadlıq Radiosu" vurğulayır ki, Kukun sözlərinə görə, hazırda bir çox müsəlman kişi və qadın hərbi forma geyərək ABŞ-a sədaqətlə xidmət etməkdədir.

Kuk ABŞ-ın hazırda müsəlman dövlətləri ilə işlədiyini də qeyd edib. "Biz İŞİD-ə qarşı mübarizəni dünya müsəlmanlarının köməyi ilə həyata keçirmək istəyirik", - deyə o bildirib.

Müsəlmanlardan imtina

ABŞ prezident seçkisi kampaniyasında namizəd Donald Trampın müsəlmanların ABŞ-a girişinin qadağanına çağırması, okeanın bu tayında onun özünə qadağan qoyulmasına çağırışlara səbəb olub.

Britaniya qəzetləri yazır ki, respublikaçı namizədin müsəlmanlar barədə çıxışları onun Yaxın Şərq və müsəlman aləmindəki biznesləri üçün baha başa gələ bilər.

İsrail siyasətçiləri də Donald Trampın dekabrın sonlarına nəzərdə tutulmuş səfərinə qarşı çıxır, onun ölkəyə buraxılmamasına çağırırlar. Buna baxmayaraq, Trampın baş nazir Benyamin Netanyahu ilə dekabrın 28-nə nəzərdə tutulmuş görüşü hələlik qüvvədədir.
Bu arada Britaniyada Trampın bu ölkəyə gəlişinin qadağan olunmasına çağıran internet petisiyasına 250 min imza atılıb.

Mağazalar Trampın mallarını satmır

Reuters xəbər verir ki, bütün Yaxın Şərq boyunca böyük mağazalar "Trump Home" seriyasından olan lampaları, güzgü və cəvahirat qutularını piştaxtalardan yığışdırıblar.
Dubayda mənzillənmiş Landmark şəbəkəsinin 190-dək mağazası "Trump Home" markasından olan malların satışını dayandırdığını bildirib.

Trampın çıxışını Çin, Ağ Ev, BMT, habelə Fransa və Britaniyanın baş nazirləri və London meri də kəskin tənqid ediblər.
Donald Tramp respublikaçı partiyadaşları tərəfindən də kəskin tənqid edilir.
Tramp ABŞ-ın Kaliforniya ştatında radikallaşmış iki müsəlman tərəfindən törədilmiş qətliamın ardınca, bütün müsəlmanların ABŞ-a girişinin qadağanına çağırmışdı.

Sionistlər də tənqid edirlər

İsraildə Trampın səfərinə etiraz edənlərə bu ölkənin ərəb millət vəkilləri də qoşulublar.

Sionist İttifaqından Omer Bar-Lev Tvitterdən yazdığı postda Trampı "irqçi" adlandırıb.

Likud partiyasından millət vəkili, energetika naziri, habelə baş nazirin yaxın adamı Yuval Steinitz deyib ki, o, terrorçu və ekstremist islamla mübarizənin tərəfdarıdır, lakin ümumilikdə müsəlmanlar üzərinə söz hücumunun əleyhinədir.

Britaniyada imzalanmaqda davam edən petisiyaya baxmayaraq, hökumətdə ikinci şəxs olan maliyyə naziri Corc Osborn bəyan edib ki, Trampın Birləşmiş Krallığa gəlişinə qadağa qoyulmayacaq.

Britaniya siyasət tarixində icmalararası təfriqə salan çıxışlara görə ayrı-ayrı şəxslərin səfərlərinə qadağan qoyulduğu hallar olub.

Dubay Trampı rədd edə bilər

Şərhçilər bildirirlər ki, son illər əsasən də Dubay qovşağından istifadə edərək yeni bizneslər quran Trampın regiondakı başqa tərəfdaşları da onun brend adından imtina edə bilərlər.
Onun Dubaydakı partnyoru, tikinti milyarderi Xəlif əl Həbtur deyib ki, "Tramp özünün bu regiondakı biznesinin gələcəyini daşlara çırpıb": "O həqiqətən də müharibə axtarır. O, müsəlmanlar və xristianlar arasında nifrət yaradır".
Xəlif əl Həbtur bir vaxtlar Dubayda "Trump İnternational" mehmanxanasının və göydələninin tikintisi işində şərik idi, lakin bu tikinti sonradan ləğv edildi.
Lakin Tramp müsəlmanlar haqqında söylədiklərini geri götürməkdən imtina edib, əksinə, deyib ki, onun təklif etdiyi siyasət İkinci Dünya Müharibəsi zamanı yapon əsilli amerikalıların düşərgələrdə saxlanmasına bənzəyir.

1988-ci ildə prezident Ronald Reyqan Amerika tarixinin bu kədərli səhifəsi üçün amerikalı yaponlardan üzr istəyib.

Millət vəkili: "O, irqçidir"

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın müsəlmanların ölkəyə daxil olmasına tam şəkildə qadağa tətbiq edilməsi ilə bağlı bəyanatı göstərir ki, artıq ABŞ da problemə insan haqları prizmasından yanaşmır. Bu barədə "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu Donald Trampın bəyanatını sərh edərkən bildirib.
"O, keyfiyyətli-keyfiyyətsiz insan axtarışı ilə məşğuldur. Bu da iqrçiliyin başqa formada təzahürüdür. Əgər Türkiyə bu boyda qaçqını qəbul edirsə, niyə Amerika, Avropa bunu etməməlidir?" - o qeyd edib.

Deputat bildirib ki, ABŞ köçmən ölkəsidir, buraya insanlar ayrı-ayrı ölkələrdən gəlirlər.

"İndiki anda belə bir qadağanın qoyulması yanlışdır və bu ictimai qınağa layiq bir məsələdir", - Qəzənfəroğlu deyib.

O, Donald Trampın müsəlmanların insan həyatına hörmət göstərməməsi barədə dediklərini "ciddi" hesab etmir.
"Çünki insana dəyər verən tək din islam dinidir. İnsana dəyər verməyən rejimlərin də hamısını ABŞ yaradır, islam adı ilə. İran İslam Respublikası olsun, başqa islam adı ilə olan respublikalar olsun. Burada qətllər, edamlar haradan qaynaqlanır? ABŞ-ın qurduğu sistemdən qaynaqlanır. Əgər o istəsə idi, daha sivil ölkələrə dəstək verərdi. Məsələn, Misiri, Liviyanı götürün. Liviyada Qəzzafini devirən kim idi? Bu gün onun yerinə terrorçuları hakimiyyətə gətirən kimdir? Əfqanıstanda kim bu terrorçuları hakimiyyətə gətirib? Ona görə də bu məsələdə Amerika öz prinsiplərindən geri durmamalıdır. İnsanlara müəyyən dərəcədə dininə, irqinə qiymət verərək yanaşılmamalıdır. Bu böyük bir təhlükədir, sabah güvənsizlik yaradır, müsəlmanlarda Amerikanın ədalətliliyi barədə təsəsvvürlər tam dağılır".

O hesab edir ki, Donald Trampın bəyanatı Azərbaycanda da etirazlar doğura bilər.

"Bu bəyanatın bir ucu da Azərbaycana çatır. Bu sabah bütün müsəlman ölkələrində Amerikaya qarşı eyni münasibətin formalaşmasına gətirib çıxara bilər. Halbuki bu arzuolunan deyil", - Milli Məclisin deputatı bildirib.

Trampın Bakı partnyorları susurlar...

Ötən yay Amerika mediası Donald Trampın Azərbaycandakı biznesindən yazmış və maqnatın Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes ortağı olduğunu iddia etmişdi.
Həmin məlumatlarda Bakıdakı 33 mərtəbəli Trump qülləsinin əslində Anar Məmmədova aid olduğu bildirilirdi.
Bu informasiya nə Tramp, nə də Məmmədovun ofislərindən təkzib edilmişdi.

Britaniya mediasında dərc olunmuş məqalələrdə Trampın ayrı-ayrı müsəlman ölkələrindəki bizneslərinin siyahısı verilib.
Bu siyahıda Bakıda onun brend adı üçün 2,5 milyon dollarlıq lisenziya ödəyən "Trump Hotel" göydələni də var.
Azərbaycanda hələlik nə Trampın iddia edilən partnyorları, nə də rəsmi Bakı onun antimüsəlman çıxışlarına münasibət bildiriblər.

Elçin Alıoğlu
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR