Əlillik müayinəsi barədə elektron qaydada məlumat veriləcək

Əlillik müayinəsi barədə elektron qaydada məlumat veriləcək
11:49 10 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini də “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər.

Belə ki, istifadəçilər “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək imkanlarına malikdirlər.

Onu da bildirək ki, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti ölkəmizdə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır.

Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.

 

Qeyd edək ki, hazırda  prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR