Sınağa çəkilən müəllimlər və yaxud diaqnostik qiymətləndirmənin ilk effektləri

12:08 10 Dekabr 2015
493 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

İstənilən cəmiyyətin inkişafı təhsildən, ilk növbədə isə onun bünövrəsi olan orta təhsildən və əlbəttə ki, müəllimlərindən asılıdır. Müəllimlərin fəaliyyətinə, onların bilik və bacarığının keyfiyyətinə daimi nəzarət mexanizmi olmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin əvvəlində ölkənin orta təhsil müəssisələrində əvəzçilik üzrə işləyənlər nəzərə alınmadan 170,5 min nəfər müəllim çalışıb. Əlbəttə ki, bu, təhsilin keyfiyyətinin sürətlə aşağı düşməsinə gətirib çıxardı. Müəllimlərin sayının çoxluğu dərs yükü normasının azalmasına da zəmin yaratdı.

Hazırda Azərbaycanda 150 minlik müəllim ordusu var. Xeyli vaxtdır ki, müəllimlərin məvacibinin yüksəldilməsi tələb edilirdi. Lakin bu da bir reallıqdır ki, diaqnostik qiymətləndirmə keçirmədən təhsil işçilərinin əmək haqqının Avropa standartlarına uyğunlaşdırılması nə keyfiyyəti yüksəldəcəkdi, nə də təhsil sahəsində dəyişikliyə səbəb olacaqdı. Ona görə ki, bu gün təhsil işçiləri arasında müasir tələblərə cavab verməyən, pedaqoji qabiliyyət baxımından bilik, bacarığı xeyli dərəcədə aşağı olan insanlar var ki, onların dəyişdirilməsinə, öz üzərlərində işləməsinə ehtiyac var.

2014-2015-ci tədris ilindən etibarən ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı. Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

İnformatika fənnini tədris edən Əsgərova Raminə diaqnostik qiymətləndirmədən ilk keçən müəllimlərdəndir. 2014-cü ilin 14 iyulunda ilk sınaq imtahanında iştirak edib. 2015-ci ilin yanvarından isə məvacibi 434 manatdan 660 manata yüksəlib. Müsahibimiz deyir ki, maaş artımı diaqnostik qiymətləndirmənin çoxsaylı üstünlüklərindən biridir: “İmtahanla əlaqədar ixtisasıma uyğun yeni kitabları, hətta dərs keçmədiyim siniflər üçün nəzərdə tutulmuş kitabları oxudum. Suallar bütün sinifləri əhatə edirdi. Elə bir sinif yox idi ki, oradan 1-2 sual düşməsin. Fənnim elədir ki, məlumatlar tez-tez yenilənir. Qiymətləndirmədən sonra məsuliyyətim daha da artıb. Yeni dərslikləri, kitabları mütəmadi oxuyuram”.

İngilis dili müəlliməsi Gülçin Rzayeva da ilk imtahan verənlərdəndir. Diaqnostik qiymətləndirmənin yuxarıda sadalanan üstünlükləri ilə yanaşı, o, qiymətləndirmənin müəllimin özünü inkişaf etdirməsinə xüsusi töhfə verdiyini söyləyir: “Maaş aşağı olanda müəllimlərin fikri daha çox şagirdlə əlavə məşğul olmağa yönəlir. Repetitorluq bizə əlavə qazanc mənbəyidir. Amma maaşlar belə artarsa, şəxsən mən bu fəaliyyətə ehtiyac görmürəm. Həmin vaxtı biliyimi təkmilləşdirməyə, dərsin keyfiyyətini yüksəltmək üçün metodiki bacarıqlarımı artırmağa sərf edirəm”.

İbtidai sinif müəlliməsi İlahə Nuriyeva bu il imtahan verərək işə qəbul olunub. O, 2015-ci ilin oktyabrında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edib. İxtisası üzrə 40 sualdan 40-nı da düzgün cavablandıran İ.Nuriyeva diaqnostik qiymətləndirməni müəllimin iş həyatı üçün önəmli addım hesab edir: “Məktəbdə yeni fəaliyyətə başlasam da, imtahanla əlaqədar müvafiq vəsaitləri yenidən oxudum. Bilik və bacarıqlarımın Təhsil Nazirliyi tərəfindən təsdiqi çox gözəl hissdir. Şəxsən mən qiymətləndirmənin nəticəsi ilə çox qürurlanıram. Hesab edirəm ki, hər bir müəllimin öz potensialına uyğun maaş alması təqdirəlayiqdir”.

Bəs bütün bunların təhsilin keyfiyyətinə hansı təsirləri olacaq? Sualın cavabı sadədir: istər müəllimlərin işə qəbulunda baş verən dəyişikliklər, istərsə də ixtisasartırma təlimlərində aparılan islahatlar qısa müddətdə olmasa da, müəyyən müddətdən sonra məktəblərdə tədrisin keyfiyyətini yüksəldəcək. Mütəxəssislərin qənaətinə görə, müəllimlər təlimlərə gələndə öyrənirlər. Gözlənildiyi kimi, diaqnostik qiymətləndirmə müəllimləri bilik və bacarıqlarını artırmağa sövq etməklə yanaşı, həm də onları sanki “ələkdən keçirdi”, potensiallarını üzə çıxartdı.

Amma diaqnostik qiymətləndirmə bütün müəllimlərin üzünü güldürməyib. Məsələn, məktəblərdən birində az bal toplayan müəllimin 11-ci sinfə rəhbərlik etməsi və orada pedaqoji fəaliyyətlə məşğul olması uyğun bilinməyib. Müəllimə yalnız aşağı siniflərdə dərs demək imkanı verilib. Belə faktların sayı onlarladır.

Diaqnostik qiymətləndirmə prosesində diqqət çəkən bir məqam da var. Məlumdur ki, islahat, yenilik istənilən sahədə çətinliklə qəbul olunur. Bundan razı və narazı qalan tərəflər olur. Təbii ki, bu, normal haldır. Amma diaqnostik qiymətləndirmədə hətta aşağı bal toplayan müəllimlərin narazılığı nə mətbuatda eşidildi, nə də məktəblərdə. Bu isə qiymətləndirmə strategiyasının çox məharətlə hazırlanması ilə bağlıdır.

Diaqnostik qiymətləndirmənin təhsil sisteminə verdiyi töhfələrə nəzər salaq:

- Azərbaycanda bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırıldı. Orta hesabla əmək haqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin isə əmək haqqı 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

- Qiymətləndirilmənin nəticələri təhsil müəssisələrinin idarəolunması zamanı əhəmiyyətli alətə çevrildi. Bakı şəhərinin ümumi təhsil müəssisələrində dərs yükü bölgüsü aparılarkən müəllimlərin diaqnostik qiymətləndirilmədəki nəticələri əsas meyar kimi götürüldü. Bununla da, peşəkar bilikləri zəif olan müəllimlərin şagirdlərə təsiri minimuma endirildi.

- Müəllimin dərs yükü qanuni olaraq bir stavka - 12 saatdan ibarətdir. Ancaq həmin müəllimlərin hüququ var ki, 18 saat dərs desinlər və həmin stavkaya əlavə olunan saatların da pulunu alsınlar. Əvvəllər əgər müəllim 12 saatdan artıq, 6 saat da əlavə dərs deyirdisə, o, saat hesabı ödənilirdi. Yəni əmək haqqına daxil deyildi. Məsələn, əgər müəllim 12 saat üçün 150 AZN alırdısa, 6 saatın müqabilində də müəyyən məbləğ artırılırdı. İndi isə onların əmək haqqı ikiqat artırılacaq və həmin əmək haqqı 18 saat üçün nəzərdə tutulacaq. 18 saat dərs bütünlüklə stavkaya daxil edilir. Müəllim ondan artıq dərs desə, qalan hissəni saat hesabı ala bilər.

- Diaqnostik qiymətləndirmədə aşağı bal toplayan müəllimin işdən azad olunması ən sonuncu variantdır. Yəni nəticələrdən asılı olaraq, müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi qiymətləndirmənin əsas hədəflərindən biridir. Qiymətləndirmədə aşağı bal toplayan müəllimlər işdən azad edilmədi, əksinə, onlara bilik və bacarıqlarını artırmaq imkanı verildi. Belə ki, Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra 900-ə yaxın müəllim təlimlərə cəlb edilib.

- Təhsil Nazirliyinin məlumatına görə, qiymətləndirilmədən dərhal sonra az bal toplamış 3000-ə yaxın müəllimin öz istəyi əsasında işdən azad olunub. Yenə də diqqətçəkən məqam odur ki, bu, könüllü surətdə baş verib. Müəllimlərə inkişaf etmək, biliklərini artırmaq şansı verilib, bundan istifadə edib-etməmək isə hər bir şəxsin öz arzusudur.

- Ən əsası qiymətləndirmə nəinki müəllimləri qorxutmur, əksinə, regionlarda çalışan müəllimlər də bunu səbrsizliklə gözləyirlər. Çünki onlar da qiymətləndirmənin üstünlüklərindən təbii olaraq yararlanmaq istəyirlər.

Yeri gəlmişkən, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda – Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.

Sonda onu da qeyd edək ki, qiymətləndirmə həm də müəllimlərin gələcək attestasiyasına hazırlıq məqsədi daşıyır. Yəni bu, son deyil.

Təbii ki, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq. Məsələ ondadır ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa, qabiliyyət imtahanı verməsi də tələb olunsun.

Amma qeyd etmək lazımdır ki, attestasiya diaqnostik qiymətləndirmə kimi humanist olmayacaq, attestasiyadan keçə bilməyən müəllim işini itirəcək. Lakin attestasiyadan öncə sınaq diaqnostik qiymətləndirmənin həyata keçirilməsi müəllimlərin növbəti mərhələyə hazırlığı üçün çox yaxşı mərhələdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR