Yamamoto Kyoko: “Jalə” şirələri həm qədim Azərbaycan qida mədəniyyətini, həm də keyfiyyətini Yaponiyada tanıdacaq”

Yamamoto Kyoko: “Jalə” şirələri həm qədim Azərbaycan qida mədəniyyətini, həm də keyfiyyətini Yaponiyada tanıdacaq”
12:23 10 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 10 dekabr, AZƏRTAC
İnanıram ki, “Jalə” şirələri həm qədim və zəngin Azərbaycan qida mədəniyyətini, həm də müasir keyfiyyətini Yaponiyada tanıdacaq.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Yaponiyanın “Jale Japan” şirkətinin prezidenti xanım Yamamoto Kyoko söyləyib.
Yaponiyalı iş adamı bildirib ki, Azərbaycan istehsalı olan nar şirələrini ona qardaşı tövsiyə edib: “Biz 2011-ci ilin martında baş vermiş zəlzələ nəticəsində atom elektrik stansiyasındakı qəzadan sonra radiasiyanın təsirini azaldan qida məhsulları axtarırdıq. Qardaşım Vladivostokda olarkən “Gilan Holding” MMC-nin “Jalə” nar şirəsini içmişdi və bu şirə dadı və keyfiyyəti ilə onun çox xoşuna gəlmişdi. Mən də qardaşımın tövsiyəsi ilə həmin şirəni qəbul etməyə başladım və tezliklə onun orqanizmimə müsbət təsirinin şahidi oldum. Qərara gəldim ki, təbii dadı, keyfiyyəti və faydalılığı ilə seçilən bu şirəni mütləq Yaponiyaya gətirmək lazımdır”.
Ötən ilin sentyabrında Azərbaycana ilk səfərinin çox uğurlu alındığını bildirən xanım Y.Kyoko burada həm yüksək mədəniyyətlə, həm də səmimi qonaqpərvərliklə qarşılaşdığını bildirib. Qeyd edib ki, Qəbələyə və Göyçaya səfərləri zamanı isə Azərbaycan torpağı və təbiəti zənginliyi ilə onu heyran edib: “Nar bağları” və “Gilan Holding” MMC-də istehsal prosesi ilə tanışlıq məndə məhsulun keyfiyytəinə inamı daha da artırdı. Diqqətimi ən çox cəlb edən cəhət isə, Bakı ilə rayonlar arasında inkişaf fərqinin demək olar ki, olmaması idi. Sizin rayonlar da çox sürətlə inkişaf edir”.
“Jalə” şirələrini Yaponiyaya gətirməkdə məqsədinin yalnız mənfəət əldə etmək yox, daha çox insanların səhhətini yaxşılaşdırmaq olduğunu bildirən Y.Kyoko bunun xüsusən zəlzələnin ziyan vurduğu rayonlarda insanlar üçün faydalı olacağını düşündüyünü deyib: “Şirələrin ilk partiyası Yaponiyaya daxil olan kimi mən Hirosimaya yollandım. Burada təşkil edilən konsertim zamanı, bildiyiniz kimi mən həm də müğənniyəm, “Jalə” şirələrini tamaşaçılara payladım. Şirələr onlar tərəfindən böyük sevinclə qarşılandı”.
Əsas sənətinin müğənnilik olduğunu xatırladan Y.Kyoko bunun zəngin Azərbaycan mədəniyyətini daha yaxşı anlamağa kömək etdiyini bildirib: “Düşünürəm ki, müğənni olmağım həm də qədim mədəniyyətinizi yaponlara çatdırmaq baxımından əhəmiyyətli olacaq”.
“Jalə” şirələrinin satışı barədə sualı cavablandıran şirkətin prezidenti qeyd edib ki, əvvəlcə məhsulun onlayn satışına başlayıblar: “Bu istiqamətdə aparılan iş, şirənin yüksək keyfiyyəti və faydalılığı deməyə əsas verir ki, satışımız mütəmadi şəkildə artacaq. Bununla yanaşı, Yaponiyanın çox məşhur ticarət şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən bu şirələrin satışı tezliklə digər şəhərlərdə də həyata keçiriləcək. Gələn ildən isə yalnız idxalçı şirkət deyil, eyni zamanda digər tanınmış onlayn şirkətlər vasitəsilə də satış təşkil olunacaq”.
Bu yaxınlarda Göyçayda keçirilən ənənəvi “Nar festivalı”ndan qayıtdığını bildirən Y.Kyoko bayramın onda çox böyük təəssürat oyatdığını bildirib: “Burda narla bağlı o qədər rəngarəng stendlər, qidalar hazırlanmışdı ki, heyrətimi saxlaya bilmirdim. Fotoaparatım demək olar ki, dayanmırdı. Həm insanların əhval-ruhiyyəsi, həm də bayramın gözəlliyi məni heyran etmişdi. Festivaldan Bakıya qayıdarkən avtobusdakı sərnişinlər mənim müğənni olduğumu bildikdə oxumağımı xahiş etdilər. Mən onlar üçün həm yapon, həm ispan, həm də Azərbaycanın “Laçın” mahnısını oxudum. Sonuncu mahnını ifa edərkən bütün avtobus mənimlə birlikdə oxudu. İnanın ki, bu səhnə heç vaxt yadımdan çıxmayacaq”.
Azərbaycan xalqına, “Gilan Holding” MMC-nin rəhbərliyinə və ölkəmizin Yaponiyadakı səfirliyinə göstərilən köməyə görə minnətdarlığını bildirən xanım Y.Kyoko belə yüksək mədəniyyətə malik bir xalqla işbirliyinin onda hədsiz qürur hissi doğurduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yamamoto_Kyoko_Jale_sireleri_hem_qedim_Azerbaycan_qida_medeniyyetini_hem_de_keyfiyyetini_Yaponiyada_tanidacaq-909935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR