İdmançılarımız qayınanadan nə istəyir: 50 minlik “Vertu”, “Bugatti”...

İdmançılarımız qayınanadan nə istəyir:   50 minlik “Vertu”, “Bugatti”...
12:42 10 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl maraqlı xəbər eşitdik. Ki, türkiyəli motosikletçi Kənan Sofuoğluna qayınanası "Ferrari" bağışlayıb. 


Hollandiyalı Julia Loomanla evli olan Kənan Sofuoğlu qatıldığı Dünya Supersport çempionatında 4-cü dəfə qalib adını qazıb. Bu qələbədən sonra türk motosikletçinin qayınanası kürəkəninə qeyri-adi hədiyyə bağışlayıb. 


Xanım Yamina Abdoun Hollandiyanın "Roompot" şirkətinin ortaqlarından biridir. Odur ki, onun hədiyyəsinin böyüklüyünü normal qarşılamaq olar. Bəs görəsən bizim idman aləmində qayınanasından bahalı və ya diqqətçəkən hədiyyə qazanan kürəkən olubmu?

 

Publika.az bu məqsədlə ailəli idman xadimlərimiz və idmançılarımız arasında mini sorğu etmək qərarına gəlib. Sualı isə belə qoyub: “Qayınananız sizə nə hədiyyə edib?” Respondentlər arasında səmimi cavab verən də olub, zarafatından qalmayan da...

 

Cüdo üzrə Beynəlxalq yarışların qalibi və mükafatçısı Rüstəm Orucov bu suala daha səmimi cavab verib deyə bilərik: “Bəli, bağışlayıb - qəşəng yun corab... Mən hazırda Monqolustanda təlim-məşq toplanışındayam. Burada hazırda -25 dərəcə şaxta var. Onun hədiyyəsi mənə burda çox lazım oldu (gülür)...”

 

Keçmiş kikboksçu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov isə qayınanadan “yarımayıb”: “Yox vallah, nə etmişəm mən etmişəm. Mənə heç nə bağışlamayıblar”(gülür).

 

Azərbaycan ağır atletika üzrə milli komandasının üzvü, olimpiya mükafatçısı Valentin Xristov azərbaycanlı xanımla ailəlidir. Onun suala cavabı zarafatyana olub: “Bugatti” hədiyyə edəcək, İnsallah” (gülür)”. Məlum olub ki, o da qayınanasından hədiyyə almayanlardandır...

 

Kikboks üzrə dünya çempionu Fuad Zeynalov da görünür, hədiyyə almayan idmançılardandır. O da sualı zarafata salıb: “Hələ ki, bağışlamayıb. Demişəm evlərini satsınlar, mənə 50 minlik “Vertu” alsınlar... (gülür)”.

 

Taekvondo üzrə dünya və Avropa çempionu, ATF-nin milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev hədiyyə almağı xoşlamadığını deyib: “Mən idmanda döyüşdüyüm vaxtlar dövlətdən və federasiyadan başqa heç bir yerdən hədiyyə almamışam. Heç təklif də olmayıb. Olsa da, hər halda götürməzdim. Çünki bu həyatda hər şeyi özüm əldə etmək istəmişəm”.

 

Bəzi idmançılarımız isə qayınanasından aldığı ən dəyərli hədiyyə olaraq öz həyat yoldaşı olduğunu deyib...

 

Zülüfqar Süleymanov (Ağırlıqqaldırma): “O, kimdirsə, heç “Ferrari”yə də ehtiyacı yoxdur. Bu titula görə özü də o avtomobili ala bilər. O ki qaldı mənə, müəyyən əzab-əziyyətlə qız böyüdüb, sonra elin oğluna vermək özü elə dəyərsiz hədiyyədir. Mənim fikrimcə, bundan dəyərli heç nə ola bilməz”.

 

Kamal Quliyev (futbol məşqçisi): “Əlbəttə bağışlayıb. Bu hədiyyəni nə “Ferrari”, nə “Lamborgini”, nə də başqası əvəz edə bilər. Öz doğma qızını mənə hədiyyə edib. Həmin o xanım mənim gül balalarımı dünyaya gətirib. Bundan böyük nə hədiyyə ola bilər”.

 

Ramin İbrahimov (London Paralimpiya Oyunlarının qalibi, cüdoçu): “Qayınanam mənə ən böyük hədiyyəni verib - Gözünün ağı-qarası bircə qızını”.

 

Hafiz Süleymanov (Ağır atletika üzrə 2 qat dünya çempionu, 5 dəfə Avropa çempionu): “Qayınanam mənə öz qızını verib. Bu mənim üçün ən böyük hədiyyədir. Ola bilsin o dediyiniz idmançının qayınanası “Ferrari” hədiyyə edib. Amma mənim heç ona ehtiyacım da yoxdur, şükürlər olsun”.

 

Ceyhun Sultanov (“Sumqayıt”ın meneceri): “Qayınanamın mənə hədiyyəsi həyat yoldaşım olub, başqa heç nə...”


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dmanclarmz-qaynanadan-n-istyir-t46055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR