Şəki və ətraf rayonların sahibkarlarına 780 min manat güzəştli kredit verilib

Şəki və ətraf rayonların sahibkarlarına 780 min manat güzəştli kredit verilib
13:58 10 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində keçirilən işgüzar forum çərçivəsində Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Maliyyələşdirilən investisiya layihələrinin reallaşması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, 130-a yaxın sahibkarın iştirak etdiyi forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şəkidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib.
Forum çərçivəsində Şəki rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet sayılan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1914 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 96,5 milyon manat güzəştli kreditin verildiyini diqqətə çatdırıb. Bildirilib ki, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarının, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi 8700-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, indiyədək Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkara bu gün keçirilən işgüzar forumda verilən kreditlər də daxil olmaqla, 28,1 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Şəki rayonunun Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılan taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib.
Ümumiyyətlə, son illər respublikamızda tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 milyon manat güzəştli kredit verilib. Artıq bu anbarlardan 21-i fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seki_ve_etraf_rayonlarin_sahibkarlarina_780_min_manat_guzestli_kredit_verilib-909970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR