Böyükağa Hacıyev: "Mən də profili dəyişib, Sadıq Sadıqov kimi cüdoya keçəcəm" (Müsahibə)

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev apasport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Avropa Liqasındakı təmsilçilərimiz bu gün qrup mərhələsi çərçivəsində son turun oyunlarına çıxacaqlar. “Qəbələ”dən fərqli, “Qarabağ” 1/16 final mərhələsinə adlamaq şansını saxlayır. Necə düşünürsüz, bu şansdan istifadə etmək mümkün olacaqmı?

- Hər şeydən əvvəl onlara uğurlar arzulayıram. Tanrı onlara o gücü versin ki, “Anderlext”lə bacarsınlar.

- “Qarabağ” artıq 1 dəfə - Bakıdakı görüşdə “Anderlext”lə bacarıb...

- Baxma, doğma divarlar arasında və yerli azarkeşlərin qarşısında oynamaq başqa şeydi, qıraqda oynamaq başqa. Amma bunu da diqqətinizə çatdırım ki, kənarda çıxış etmək evdə oynamaqdan qat-qat asandı. Çünki ev sahibi olan tərəf məcburdu ki, rəqibinə açıq futbol təklif etsin. Bu da qonaq komanda üçün üstünlük yaradır.

- “Qarabağ” növbəti mərhələyə adlasa, Azərbaycan futbolunda bu uğura ilk dəfə imza atan komanda olacaq. Bunu bacarsa, Qurban Qurbanova qarşı qısqanclıq hissi keçirməyəcəksiz?

- Qətiyyən. Qurban azərbaycanlı məşqçidi. Bunu bir legioner etsəydi, qəbul etməzdim. Ancaq azərbaycanlı məşqçinin rəhbərliyi etdiyi komandanın növbəti mərhələyə düşməsi məni sevindirər.

- Sözlərinizdən belə çıxır ki, Roman Qriqorçuk həmin uğura imza atsa, qəbul etmərsiz?

- Xeyr, qəbul etməzdim.

- “Qəbələ”nin Avrokubokdakı çıxışını necə qiymətləndirirsiz?

- “Qəbələ”nin çıxışı qənaətbəxşdi. Komanda birinci dəfə idi ki, qrup mərhələsində oynayırdı və bacardığı qədər xal yığdı. Hələ bir oyunları qalıb. Bu gün hansı nəticənin qeydə alınacağını bilmək olmaz. Əgər “Krasnodar”a qalib gəlsələr, onlara “afərin” düşür. “Qarabağ”dan isə hamımız çox şey gözləyirik. “Qarabağ” öz oyun dəsti-xətti ilə heç də “Anderlext”dən geri qalmır. Buna görə də, onlara daha böyük ümid var.

- İndiki məqamda “Qarabağ”ın əsas problemi, çatışmayan cəhəti nədən ibarətdi?

- “Qarabağ”ın ən böyük problemi odu ki, bu gün komandada Reynaldo yoxdu. Bundan başqa, Muarem Muarem və Leroy Corcun getməsi onlara baha başa gəlir. Hər ikisinin yeri görünür. Reynaldonun meydanda olmaması da açıq-aşkar hiss olunur.

- Bir qədər də “Neftçi” barədə danışaq. Əsgər Abdullayevin baş məşqçi postuna keçməsindən sonra komanda yaxşı nəticə göstərir. Abdullayev qısa zamanda nəyi dəyişə bilib?

- Yaxşı nəticə nəyə deyirsiz? Komanda hazırda neçənci yerdədi?

- Amma bu faktdı ki, Əsgər Abdullayev gələnə qədər komanda turnir cədvəlində daha aşağı pillədə qərarlaşmışdı...

- Bunlar “Xəzər Lənkəran”a qalib gəldilər, ardınca da “Qarabağ”ı məğlub etdilər. Bu gün “Qarabağ”a ölkə çempionatı “do lampoçki”di. “Qarabağ” nə gücü varsa, Avropada qoyur.

- Demək istəyirsiz ki, “Qarabağ” həmin oyuna ciddi yanaşsaydı, “Neftçi”yə uduzmazdı?

- Deyə bilmərəm ki, "Neftçi" onları uda bilməzdi. Amma ağır olardı, özü də çox ağır.

- Ümumiyyətlə, Əsgər Abdullayevin baş məşqçi postuna gətirilməsini necə qarşıladız?

- Vallah, nə deyim? Bu, onun sənətidi. “Neftçi”yə hər dəqiqə hər bir məşqçinin gəlişini gözləyin. Mən bunu birinci gündən demişəm ki, “Neftçi”nin məşqçisinin çemodanı yanında olmalıdı.

- Əsgər Abdullayevi baş məşqçi postuna müvəqqəti gətirən klub rəhbərliyi əcnəbi çalışdırıcı axtarışındadı. “Neftçi”yə xarici məşqçi lazımdımı?

- Dəfələrlə sübut olunub ki, “Neftçi”nin əcnəbi məşqçiyə ehtiyacı yoxdu. Son 3 ildə verdiyim nəticələrə baxın, mən başqa söz demirəm. Əcnəbi məşqçi gəlsin, mənim nəticələrimin 10 faizini versin.

- Yanvarda “Neftçi”ni çalışdırmaq təklifi alsanız, qəbul edib hazırkı rəhbərliklə çalışarsızmı?

- Yox, yox. Mən qayıtmaram. Sadıq Sadıqovsuz ora dönmərəm.

- Sadıq Sadıqov hazırda Cüdo Federasiyasının vitse-prezidentidi. Axı onun indiki məqamda “Neftçi”yə qayıtmaq ehtimalı yoxdu...

- Deməli, mən də profili dəyişib, Sadıq Sadıqov kimi cüdoya keçəcəm (gülür).

Tengiz Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR