Neftin qiyməti yenidən qalxa bilər...

Neftin qiyməti yenidən qalxa bilər...
15:05 10 Dekabr 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Neftin dünya bazarındakı qiyməti orta müddətli perspektivdə 40-50 dollara, bir neçə ildən sonra isə 60, hətta 65 dollara qalxa bilər, amma qiymətlərin yenidən 100 dollara qalxacağını uzun müddət görməyəcəyik.

Bu barədə Milli.Az-a şərhində Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi, enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva deyib.

Ekspertin sözlərinə görə, hazırda dünya bazarında neftin qiymətinin enmə tendensiyası müşahidə olunur və artıq qiymət 40 dollardan da aşağı düşüb: "Qiymətlərin düşərək 40 dollar həddini aşması prosesi OPEC-in son qərarından sonra baş verdi. Çünki OPEC üzvləri, xüsusilə Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq istəmədilər, əksinə, onun artırılması barədə qərar verdilər. Qiymətlərin bu cür düşməsi tendensiyası isə hələ bir müddət də davam edəcək.

G.Rzayeva hesab edir ki, İran nefti bazara çıxandan sonra qiymətlər bir az da aşağı düşəcək: "Nəzərə almaq lazımdır ki, hələ İranın əlavə neft həcmləri bazara çıxarılmayıb. Bu baş verərsə, İrana qarşı sanksiyalar tam qaldırıldıqdan sonra bu ölkəyə neftin xaricə nəqli üçün çox vaxt lazım olmayacaq. İran rəsmlərinin verdiyi məlumata görə, bu ölkə sanksiyaların qaldırılmasından sonra neft ixracatını günlük 500 000 bareldən 600 000 barrelə qədər artırmaq, üç ay ərzində isə ümumi ixrac həcmini günlük 2,5 million barelə çatdırmaq imkanına malikdir. Hazırda İranın neft anbarlarında 35 milyon barel neftin və kondensatın saxlanıldığı bildirilir və İran bu həcmi yeni hasilatın başlanmasına gədər ixrac edə bilər. Təbii ki, bu, qiymətlərə mənfi təsir göstərəcək və neftin qiyməti daha da düşə bilər. Yəni yaxın və nisbətən orta perspektivdə neftin qiymətinin qalxacağına işarə edən heç nə yoxdur".

İqtisadçı qeyd edib ki, neftin qiymətinin uzun müddət aşağı həddə qalması inandırıcı deyil: "Düzdür, İran dünya bazarına mövcud kotirovkadan daha ucuz neft çıxara bilər. Çünki İran siyasəti belədir ki, onlar üçün neftin qiyməti o qədər də önəmli deyil. Onlar sanksiyalardan sonra uzun illərdir bazarlarda, məsələn Avropada itirilmiş yerini (təxminən 600 min barel) bərpa etməyə çalışırlar. Hazırda onun yerini Səudiyyə Ərəbistanı, Rusiya və digər ölkələr tutub. Ona görə də İran bu bazarları geri qaytarmaq niyyətindədir. Bunun üçün isə qiymətdə müəyyən güzəştlərə getməlidir. İranın da qiymət strategiyası bundan ibarətdir ki, nefti kotirovkadan 1-2, hətta 2,5 dollar daha aşağı qiymətə təqdim etsin. Əgər İran bu addımı atarsa, o zaman qiymətlər müəyyən qədər aşağı düşə bilər. Amma neftin qiymətinin daim 40 dollardan aşağı olması da çox real görünmür. Çünki bu, enerji, neft sənayesinə böyük təzyiq deməkdir. Bu amil yeni neft-qaz layihələrinə investisiya qoyuluşunu azaldır. Unutmaq olmaz ki, qaz hasilatına investisiya qoyuluşu azalarsa, neftin hasilatı da azalacaq. Çünki qazla yanaşı, neft kondensatı hasil olunur. Ona görə də uzun müddətli perspektivdə bazarda balans yarana bilər. Bu baxımdan neftin qiymətinin uzun müddət, məsələn 4-5 il kəskin aşağı düşməsi o qədər inandırıcı deyil".

SAM-ın mütəxəssisinin fikrincə, qiymətlərin kəskin düşməsi uzun müddət davam edəcəyi təqdirdə, bu amil iqtisadiyyatı neftdən asılı ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir göstərəcək: "Sirr deyil ki, bu məsələ bizim də büdcəmizə və iqtisadiyyatımıza mənfi təsir edə bilər. Çünki büdcədə gələn il üçün neftin qiyməti 50 dollar müəyyən edilib. Qiymət 50 dollara uyğun olarsa, problem olmaz, gəlirlər və xərclər buna uyğun olaraq hesablanacaq. Amma qiymət aşağı olarsa və bu uzun müddət davam edərsə, gəlirlər azalacaq. Bu isə büdcə kəsirinə gətirib çıxara bilər. Kəsirlər olarsa, onların digər resurslar, məsələn, xarici investisiyalar, qrantlar və qeyri-neft sektorundan olan gəlirlər hesabına doldurulması planlaşdırılır. Qiymət 40 dollar və ya daha aşağı düşərsə, o zaman, düşünürəm ki, büdcədə müəyyən edilmiş neftin qiymətinə yenidən baxıla bilər və onu bir qədər də aşağı götürmək olar".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR