Bakıda nümunəvi dərslərin tədrisi başladı (FOTO)

Bakıda nümunəvi dərslərin tədrisi başladı (FOTO)
15:43 10 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda nümunəvi dərslərin tədrisinə başlanılıb.

Trend-in məlumatına görə, bu gün Bakı şəhərindəki Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs keçib.

Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Azərbaycan Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri Akademiyada çalışan tanınmış alimlər tədris edəcək.

Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib.

Məktəblilərin elmə marağının artırılmasının önəminə diqqət çəkən akademik A.Əzizov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün xüsusi addımlar atıldığını deyib və bu baxımdan “Elmdən təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini vurğulayıb. A.Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb.

Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən alim son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib.

Dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində “Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı xidmətlərinə görə verilən “Nobel” mükafatının sahiblərinə təqdim ediləcəyini deyən akademik bu mükafata layiq görülən kimyaçı alimlər haqqında da şagirdlərə məlumat verib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR