Dövlət Sərhəd Xidməti: daha çox qüvvə və vasitələr cəlb olunmaqla axtarış ərazisi genişləndiriləcək

Dövlət Sərhəd Xidməti: daha çox qüvvə və vasitələr cəlb olunmaqla axtarış ərazisi genişləndiriləcək
15:53 10 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri və helikopterləri dərhal hadisə yerinə səfərbər edilib və axtarış-xilasetmə işlərinə başlayıblar.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dənizdə itkin düşmüş işçilərin axtarışı gündəlik olaraq Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməkdədir. Hazırda yanğın baş vermiş özüldən 100-150 kilometrədək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradılmış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilir.
Dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən əraziyə və axtarış rayonuna baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb olunmaqla axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmeti_daha_chox_quvve_ve_vasiteler_celb_olunmaqla_axtaris_erazisi_genislendirilecek-910015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR