Bakıda Beynəlxalq Şagird Konfransı keçirilir (FOTO)

Bakıda Beynəlxalq Şagird Konfransı keçirilir (FOTO)
16:33 10 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits - 200” mövzusunda Beynəlxalq Şagird Konfransı keçirir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, konfransın AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilmiş açılış mərasimindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Məktəblilərin rəsm sərgisinin nümayişindən sonra başlayan konfransı açıq elan edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bilik Fondu bu istiqamətdə il ərzində ölkə daxilində və xaricdə silsilə tədbirlər həyata keçirib. Beynəlxalq Şagird Konfransı da bu qəbildəndir. Beynəlxalq Şagird Konfransında Azərbaycanın bütün bölgələrindən – Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan olan məktəblilər iştirak edirlər. Həmçinin xarici ölkələrdən – Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin konfrans iştirakçılarına salamlarını çatdırıb. K.Abdullayevin “siz gənclər və yeniyetmələr Ümummilli lider Heydər Əliyevin bizə əmanətisiniz” sözlərini xatırladan S.Hüseynov Bilik Fondunun ilboyu gənclərin və yeniyetmələrin hərtərəfli inkişafina yönəlmiş layihələr həyata keçirdiyini vurğulayıb. O, Beynəlxalq Konfransa Azərbaycanın bütün bölgələrindən, həmçinin xarici ölkələrdən də şagirdlərin həvəslə qatılmalarını “Kitabi-Dədə Qorqud” dastanına olan sevgi ilə əlaqələndirib.

Təsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova konfrans iştirakçılarına uğurlar arzulayaraq nazir Mikayıl Cabbarovun təbrik məktubunu oxuyub. Təhsil naziri məktubda məktəbliləri “Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits-200” Beynəılxalq Şagird Konfransına qatılmaq hüququ qzandıqlarına görə təbrik edib, şagirdləri daha dərin biliklərə yiyələnməyə, həmçinin xaricdə yaşayan yaşıdları ilə sıx əlaqələr qurmağa çağırıb.

Çıxış edən Qəbələ rayon 1 nömrəli Nic kənd məktəbinin direktoru Sergey Dallari, Dağıstan Respublikası, Dərbənd şəhəri 6 nömrəli internat məktəbin direktoru Vadim Quliyev belə konfransların şagirdlərin həyatında mühüm rol oynadığını, elmi mübadilələrə və gələcək elmi araşdırmalara əsas verdiyini deyiblər.

Plenar iclasda yaşıdlarını salamlayan Türkiyənin Elvankent Bilgi Anadolu liseyinin şagirdi Hüsnü Barak Sarıkaya, Gürcüstanın Kutaisi şəhər məktəbinin şagirdi Elizabet Porçxidze, Rusiyanın Moskva Şəhər Gimnaziyasinin şagirdi Mariya Voroşilova, Naxçıvan məktəbliləri Suat və Suay Qasımlılar, Nardaran məktəblisi Həsən Ağayev beynəlxalq səviyyəli konfransda iştirakdan məmnun olduqlarını bildiriblər. “Kitabi-Dədə Qorqud” dastanının dünya folklorşunaslığına verdiyi töhfədən danışan natiqlər eposun şifahi ədəbiyyatda dastan yaradıcılığını zənginləşdirdiyini də dilə gətiriblər.

Dövlət Uşaq Filarmoniyasının və məktəblilərinin hazırladıqları bədii hissədən sonra konfrans iştirakçıları AMEA-nın 70 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. Konfrans iki bölmədə işini davam etdirib.

Növbəti gün şagirdlər şəhər gəzintisinə çıxacaqlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR