Azərbaycan alimləri lüminessent lampaları ilə bağlı ilkə imza atdılar

Azərbaycan alimləri lüminessent lampaları ilə bağlı ilkə imza atdılar
17:08 10 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan alimləri dünyada ilk dəfə olaraq, lüminessent lampalarının hazırlanması üçün olduqca əhəmiyyətli olan, geniş temperatur intervalında intensivliyini, yəni işiğını sabit saxlayan lüminofor materialları əldə ediblər. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktorunun elmi işlər üzrə müavini Cavad Abdinov deyib.

Qeyd edək ki, adi közərmə lampasından fərqli olaraq, lüminessent lampaları ilə elektrik enerjisinə daha çox qənaət edilir.

Onun sözlərinə görə, hazırda istifadə edilən lüminessent lampalarının istehsalında müxtəlif lüminofor materiallarından istifadə olunur: “Belə lampalar çox aşağı temperatur şəraitində, məsələn, Antarktidada ya işləmir, ya da onun intensivliyi, yəni işığı çox az olur. Bunun da nəticəsində ondan geniş temperatur intervalında lampa kimi istifadə etmək mümkün olmur”.

C.Abdinov qeyd edib ki, amma əldə edilən yeni lüminofor materiallarından işıq mənbələri hazırlandıqda onlar geniş temperatur intervalında - 10 dərəcə Kelvindən (mənfi 263 dərəcə Selsidən) 300 dərəcə Kelvinə qədər olan intervalda intensivliyini dəyişmir. Bunun hesabına da lüminessent lampaları həm otaq temperaturunda, həm də ən aşağı temperaturu olan şəraitdə eyni qaydada işiq verməklə işləyir: “Bu, çox böyük nailiyyətdir. Bu materialdan lampa düzəldilsə, o, otaq temperaturunda da, Antarktidada da işləyəcək. Yəni lampanın parametrləri dəyişməyəcək”.

Qeyd edək ki, yeni materiallar akademik Bahadur Tağıyev və professor Oqtay Tağıyev tərəfindən əldə edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR