Təbrizdə Ulu Öndərin xatirəsi anılıb

Təbrizdə Ulu Öndərin xatirəsi anılıb
18:23 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Təbriz, 10 dekabr, AZƏRTAC 
Dekabrın 10-da Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Təbriz şəhərində təşkil olunmuş mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə həyatını Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün davam etdiyi və daxili çəkişmələrin də baş verdiyi bir zamanda Ümummilli Lider müstəqilliyimizin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılıb.
Baş konsul Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin də əsasını qoyduğunu vurğulayaraq, müstəqilliyin ilk illərində iki dövlət arasındakı münasibətlərdə hökm sürən soyuqluğun aradan qaldırıldığını və hazırda qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Ehsan süfrəsinin də açıldığı anım mərasimində İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini, vilayətin və valiliyin, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin məsul şəxsləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tebrizde_Ulu_Onderin_xatiresi_anilib-910087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR