Fazil Məmmədov siqaretin və spirtli içkilərin kartla satılmasına aydınlıq gətirdi

Fazil Məmmədov siqaretin və spirtli içkilərin kartla satılmasına aydınlıq gətirdi
18:49 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Bu, zamanın tələbidir"

Vergilər naziri Fazil Məmmədov aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qərara aydınlıq gətirib.Lent.az AzərTAc-a istinadən xəbər verir ki, vergilər naziri aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsinin hər bir ölkədə dövlətin xüsusi nəzarətində olduğunu və həmin malların alqı-satqısı zamanı hesablaşmaların nağdsız qaydada aparılmasının zamanın tələbi olduğunu bildirib: “Bununla əlaqədar, belə malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manata kimi olan aksizli malların nağd qaydada satılması inzibati xəta kimi müəyyən edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, dəyəri 50 manatdan 1000 manatadək olan aksizli malların nağd qaydada satışı, habelə külli miqdarda (1000 manatdan yuxarı) satışı, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınması cinayət məsuliyyəti yaradır. Qeyd edək ki, tütün məmulatlarının topdan satışı da bu qanunun əhatə dairəsinə düşür.

Dəyişikliklərə əsasən, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla) saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

Qeyd edim ki, ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür. Son illər ərzində Azərbaycanda elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən ödəniş sistemi infrastrukturu yaradılıb. Hazırda əhalinin bütün təbəqələri plastik kartlardan istifadə edir. Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var ki, bu da bizə alkoqollu içkilərin nağdsız qaydada satışını həyata keçirməyə tam imkan verir. Aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR