İxracatçılar Klubunun ikinci iclası keçirilib

İxracatçılar Klubunun ikinci iclası keçirilib
18:53 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun ikinci iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı qüvvə olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sahəsində inzibati prosedurlar sadələşdirilib. Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən nazir müavini diqqətə çatdırıb ki, “Doing Business 2016” hesabatında Azərbaycan öz mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdəndir və Konsepsiya çərçivəsində görülən işlər iqtisadiyyatın diversifikasiyasında və ixrac coğrafiyasının genişlənməsində əhəmiyyətli olacaq.

Qeyd edilib ki, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzi yaradılıb. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.

Bu gün ikinci iclası keçirilən İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığı qeyd edilib, İxracatçılar Klubuna üzv olan şirkətlərin ixrac fəaliyyətinə İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumat verilib.

Bildirilib ki, rəqabətqabiliyyətli məhsul istehsalı, ixracın diversifikasiyası, qeyri-neft məhsullarının ixrac həcminin genişləndirilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, daşımaların həcminin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, ixrac potensialının və yükdaşımaların həcminin artırılması, yükdaşımaların daha asan və səmərəli şəkildə həyata keçirilməsi üçün işlərini davam etdirir.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Azərbaycanda ticarətin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, ixrac prosedurları və bu sahədə tətbiq edilən yeniliklər, ixrac prosedurlarının sadələşdirilməsi sahəsində görülən işlərdən bəhs etmiş, ixrac üçün tələb olunan sənədlər, onların alınması qaydaları, gömrük bəyannamələrinin rəsmiləşdirilməsi, o cümlədən elektron üsullara üstünlük verilməsi və s. məsələlər barədə məlumat verib, ixracatçı şirkətlərin nümayəndələrini ixrac sənədləşməsi barədə maarifləndirilməsi istiqamətində təşkil olunan seminar və tədbirlərdə aktiv iştirak etməyə dəvət edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev çıxışında ölkəmizdə dəniz daşımalarının müasir vəziyyəti, yerli məhsulların və tranzit yüklərin daşınmasında dəniz limanlarının logistik imkanları və nəqliyyat infrastrukturunun mövcud potensialı barədə məlumat verib, dəniz nəqliyyatı ilə dəniz limanlarından və terminallardan yük daşımaların sadələşdirildiyini, yüklərin mənzil başına daha asan çatdırılması istiqamətində görülən işlərdən bəhs edib, daşıma qiymətlərində 20% endirim edildiyini və həftədə ən azı 2 dəfə Aktau və Türkmənbaşı limanlarına səfərlərin təşkil olunduğunu bildirib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin rəhbəri Fazil Məmmədov mənşə sertifikatının verilməsi mexanizmi barədə məlumat verib, Tarif (qiymət) Şurasının qərarı ilə mənşə sertifikatının qiymətinin 30% ucuzlaşdırıldığını, mənşə sertifikatının alınması üçün sənəd qəbulunun elektron qaydada həyata keçirildiyini qeyd edib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin sektor müdiri Elçin Məlikov və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Mustafa Həsənov isə keyfiyyət sertifikatının verilmə mexanizminə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə, həmçinin qeyri-neft ixracının təşviqi istiqamətində AZPROMO-nun göstərdiyi xidmətlər barədə məlumat verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR