Həmvətənimiz Əcnəbilər Parlamentinə seçilib

Həmvətənimiz Əcnəbilər Parlamentinə seçilib
19:43 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 10 dekabr, AZƏRTAC
Frankfurt-Mayn şəhərinin Əcnəbilər Parlamenti Almaniyada bu qəbildən olan ən böyük qurumdur. O, Frankfurtun 180.000-dən çox əcnəbi sakininin mənafelərini təmsil edir. Əcnəbilər Parlamenti 37 deputatdan ibarətdir. Bir qayda olaraq böyük etnik icmaları təmsil edən və 5 il müddətinə seçilən bu deputatlar əcnəbi vətəndaşların və əcnəbi mənşəli almanların yeganə rəsmi nümayəndələridir.
2010-cu ildə bizim həmvətənimiz Cümə Məmmədov MDB məkanından və Baltikyanı ölkələrdən Əcnəbilər Parlamentinə seçilmiş ilk deputat olub. Bu günlərdə o, yenidən seçicilərin etimadını qazanıb və alman parlamentinə keçmiş Sovet İttifaqı məkanından ikinci dəfə seçilmiş ilk əcnəbi olub. Seçkiqabağı kampaniya dövründə Cümə Məmmədov Almaniyada ən beynəlmiləlçi - 13 ölkənin vətəndaşlarından ibarət seçki blokunu formalaşdırıb və həmin bloka rəhbərlik edib. Maraqlıdır ki, Azərbaycan, ABŞ, Almaniya, İtaliya, Polşa, Rusiya, Estoniya, Litva, Latviya, Ukrayna, Belarus, Gürcüstan və Özbəkistan vətəndaşlarından ibarət olan bu bloka səs vermiş seçicilərin sayı seçkilərdə müstəqil şəkildə iştirak edən, çox geniş seçkiqabağı kampaniya keçirmiş və çoxsaylı partiya plakatları yaymış iri siyasi partiyalara səs verən seçicilərdən çox olub. Xatırlatmaq yerinə düşər ki, hazırda Cümə Məmmədov toplanmış səslərin sayına görə indiyə qədər bu formatlı seçkilərdə iştirak etmiş keçmiş Sovet İttifaqı nümayəndələri arasında rekordçudur.
Cümə Məmmədovun son çağırış Əcnəbilər Parlamentində fəal və səmərəli işi öz nəticəsini verib. Seçicilər onun innovasiyalı çağırışlarını, xüsusən əcnəbi tələbələr, gənc mütəxəssislər və sahibkarlarla əlaqədar şəhər hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməsini yüksək qiymətləndiriblər. Həmvətənimizin ətraf mühit, şəhər infrastrukturu və mənzil planlaşdırması sahəsində uğurları həmkarları arasında və şəhər meriyasında yaxşı məlumdur.
Cümə Məmmədov etnoslararası ziddiyyətlərə görə narahatlıq keçirən Frankfurt ictimaiyyətini Azərbaycanın tolerantlıq sahəsində uğurları barədə mütəmadi məlumatlandırır və Azərbaycanda 1993-cü ildən bəri həyata keçirilən ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində formalaşmış nümunəvi millətlərarası və konfessiyalararası münasibətlər təcrübəsini qiymətləndirməyə çağırır.
Onu da qeyd etmək lazımdır ki, bütün bu illər ərzində Azərbaycanın AFR-dəki səfirliyi bu fəal həmvətənimizi hərtərəfli dəstəkləyib.
Cümə Məmmədov uzun illər boyu Almaniya Universitetləri ilə əməkdaşlıq edir, əcnəbi tələbələrə və gənc mütəxəssislərə qayğı göstərir. Almaniyada və Finlandiyada təhsil almış həmvətənimiz təhsil məsələlərinə həsr edilmiş konfranslarında Almaniyanın rusdilli və ingilisdilli nümayəndə heyətlərinə başçılıq edib. Xaricdə təhsil, turizm, biznes və strateji planlaşdırma sahəsində diplomlu alman politoloq və eksperti olan Cümə Məmmədov həmvətənlərimiz üçün də kiçik və orta biznes, səmərəli piar, Almaniyada təhsil və ixtisasartırma məsələlərinə dair məsləhətlər verir.
Bütün bu amillərin məcmusu sonuncu çağırış Əcnəbilər Parlamentinin ən fəal deputatı olan Cümə Məmmədovun növbəti uğurunu bayram etməsinə imkan verib: o, Almaniyanın ən beynəlmiləlçi şəhəri və Avropanın maliyyə mərkəzi sayılan Frankfurt-Maynda yenidən bu quruma seçilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemvetenimiz_Acnebiler_Parlamentine_sechilib-910145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR