Türkiyənin Bursa şəhərində Ulu Öndərin xatirəsi anılıb

Türkiyənin Bursa şəhərində Ulu Öndərin xatirəsi anılıb
20:03 10 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 10 dekabr, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Türkiyənin Bursa şəhərində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.
Rayon icra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, tədbirə Türkiyənin Bağçaşəhər Universitetində təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.
Abşeron rayon nümayəndə heyəti Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov bildirib ki, gündən-günə qüdrətini artıran müasir, müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Heydər Əliyevin adını daşıyan Bursa parkı Türkiyədə Azərbaycan dəyərlərini, onun siyasi liderlərini uca tutan doğma bir ocaq kimi bursalılar tərəfindən əzizlənir, məhəbbətlə qorunur.
Bursa Yıldırım bələdiyyəsinin mədəniyyət işləri üzrə şöbə müdiri Temel Turabi türk dünyasının böyük oğlu Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin inkişafındakı misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyevə Bursada ucaldılan abidə Türkiyənin XX əsrin türk dünyasının ən güclü siyasi xadiminin xatirəsinə göstərdiyi ehtiramın və sonsuz sevginin təzahürüdür.
Tədbirdə çıxış edən Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı gənclər dahi şəxsiyyətin Azərbaycanda dövlətçiliyin inkişafı, ordu quruculuğu, təhlükəsizlik, eləcə də gənclər siyasəti və digər sahələrdə gördüyü işlər haqqında danışıblar.
Ulu Öndərin anım günü ilə əlaqədar olaraq Bursanın müxtəlif məscidlərində Cümə namazından əvvəl verilən xütbələr Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilib.
Qeyd edək ki, 2008-ci ilin iyun ayında Bursa bələdiyyəsi ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhərlər”in elan olunması haqqında razılaşma əldə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Bursa_seherinde_Ulu_Onderin_xatiresi_anilib-910158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR