“Firon sünnəti”, yaxud bəkarət bayquşları

“Firon sünnəti”, yaxud bəkarət bayquşları
21:42 10 Dekabr 2015
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Qadın sünnəti" - çoxumuz bu ifadəni eşidəndə təəccüblənirik. Qadını da sünnət etmək olarmı? Bu mövzuda çox məqalələr yazılıb, çox araşdırmalar aparılıb. Amma təəssüf ki, dünyanın bəzi bölgələrində hələ də bu problemin qarşısını almaq mümkün olmayıb.

Qadın sünnəti - klitoridektomiya qadında cinsi hisslərin məhv edilməsi, bəkarətin qorunması məqsədilə klitorun və ya qadın cinsiyyət üzvü dodaqlarının kəsilməsi  əməliyyatıdır. Bu əməliyyat bir çox cinsi fəsadlara, o cümlədən ölümə də səbəb ola bilər.
 
Milli.Az lent.az-a istinadən bildirir ki,  ölkəmizdə tətbiq olunmayan bu üsul daha çox Afrika ölkələrində həyata keçirilir. On il bundan əvvəl Azərbaycanın da bir bölgəsində bu əməliyyatın eyni məqsədlə həyata keçirildiyi iddia edilsə də, sonradan bu söz-söhbət təsdiqini tapmadı.
 
BMT-nin məlumatına görə, hər il, əksəriyyəti Afrika və Orta Şərq ölkələrində olmaqla,  3 milyon qadın sünnət edilir. Təşkilatın müvafiq hesabatında qeyd edilir ki, bu günə qədər Afrika və Orta Şərqin 28 ölkəsində 128 milyon qadın sünnət edilib.
 
Ümumdünya Səhiyyə Təşkilatı qadın sünnətini dünya ölkələri üzrə araşdırarkən bu əməliyyatı 3 hissəyə ayırıb. Birinci növ əməliyyat zamanı (Sunna) klitorun yarısı və ya hamısı, ikinci növ əməliyyat zamanı (eksizyasiya) klitorun hamısı və labia minorun yarısı və ya hamısı çıxarılır. Üçüncü növ əməliyyat zamanı isə (infibulation) klitorun hamısı, labia minorun hamısı və ya bir qismi ilə labia majorun bir qismi çıxarılır və qalan kənarlar bağlanılaraq sidik və menstrual axını təmin edə biləcək bir keçid yaradılır. Sonuncu üsul daha çox Somalidə tətbiq olunur. Əməliyyatdan sonra ayaqlar aylarla bağlı saxlanılaraq yaranın sağalması gözlənilir. Bu, "Firon sünnəti" adlanır.
 
Bu günə qədər olan məlumatlara görə, qadın sünnəti 4-12 yaşlarında qızlara edilir.
Ginekoloq Yayla Babayevanın sözlərinə görə, çox ağır fəsadları olan bu əməliyyat zamanı qanaxma, cərrahi zədə, ağrı və qanaxmayla əlaqəli şok, infeksiya, toxuma itkisi, nekroz, HİV və tetanoz kimi ölümcül infeksiyaların ötürülməsi baş verə bilər. Son nəticə isə ölümdür.
 
Müsahibimiz bildirir ki, bu əməliyyat haqqında ölkə mütəxəssisləri elmi araşdırmalar vasitəsilə məlumatlanırlar. Hər hansı bir ginekoloq konkret olaraq bu əməliyyatı aparmadığı üçün yazılanlardan əlavə baş verə biləcək fəsadlar haqqında danışa bilməz. Amma artıq tibb elminə məlumdur ki, qadın sünnətindən sonra bir çox fəsadlar müşahidə edilir. Əməliyyat edilmiş toxumalarda sərtləşmə, sidiyə getmə və ya menstrual qanaxma zamanı çətinlik, cinsi istəyin olmaması, ağrılı cinsi əlaqə və ya cinsi əlaqədə ola bilməmə, çətin və ağrılı, anormal doğuş qadın sünnətinin sonrakı fəsadlarıdır.
 
Ginekoloq deyir ki, bir çox ölkələrdə əməliyyat evlərdə aparıldığı üçün eyni alətlər sterilizə olunmadan istifadə edilir. Bu da sünnətin yaratdığı fəsadlarla yanaşı, bir çox infeksiyaların qanla ötürülməsinə səbəb olur. Qadın sünnəti əməliyyatı ilə hepatit, cinsi infeksiyalar, müxtəlif qan xəstəlikləri, HİV və digər xəstəliklər yoluxa bilər.
 
Qadın sünnətinin fiziki təsirlərilə yanaşı, psixoloji fəsadları da var.
 
Sünnət edilən qadınlar cəzalandırıldıqlarını və ya ailələrinin xəyanəti ilə qarşılaşdıqlarını düşünə bilirlər. Bu hadisədən sonra qadınlarda yuxusuzluq, iştahasızlıq, özünə inamsızlıq, həddən artıq qidalanma, ömür boyu davam edən narahatlıq hissləri və s. əlamətlər müşahidə edilir.
 
Psixoloq Fidan Əliyevanın sözlərinə görə, sünnət qadın üçün ən ağır cəzadır: "Qadın təbiətən zərif varlıqdır. Ürkək, daim həyəcanlı varlığı bu cür cəzalandırmaq insanlığa sığan hal deyil. Təbii ki, az yaşlarından bəkarəti qorumaq üçün edilən bu əməliyyat qadının qadınlığını əlindən alır. Hissiyyatsız bir varlığa çevrilən qadın seks maşını və ya uşaq doğma alətinə çevrilir. Keçirdiyi ağrını illərlə unutmayan qadında seks, uşaq doğmaq qorxusu yaranır. Əgər qadın sünnət zamanı və sonrası ölmürsə, cinsi əlaqə və ya doğuş onun üçün ölümə bərabər olur. Çox zaman elə qorxudan ölürlər".
 
Müsahibimiz bildirir ki, bu addım Afrika ölkələrində valideynlərin məsuliyyəti  boynundan atması üçün ən sadə üsuldur. Övladına bəkarətini qorumağı öyrədə bilməyən ana onu əməliyyat etdirərək bu yoldan çəkindirmək istəyir. Bu isə haqsızlıqdır: "Onu da deyim ki, bu haqsızlıq adət-ənənə halını aldığı üçün kimsə bu barədə danışmağa, ondan imtina etməyə cəsarət etmir. Qısası, qız sünnəti qadını təkcə fiziki tərəfdən deyil, mənəvi tərəfdən də şikəst edir".
 
Qeyd edək ki, 2500 illik tarixə malik olan bu əməliyyat 1996-cı ildə ABŞ-da rəsmən qadağan edildi. İngiltərədə isə etnik qruplardan minlərlə qız hər il qadın sünnətinə məruz qalır. İngiltərədə bu əməliyyat 30 il əvvəl qadağan edilib. Amma buna baxmayaraq, yenə də həyata keçirilir və buna görə heç kim mühakimə edilməyib.
 
Qadın sünnətinin ən çox yayıldığı ölkələrdən biri də Nigeriya idi. Ancaq ötən il bu, qanunla rəsmən qadağan edildi. Hazırda qadın sünnətinə Qərbi Asiyada, Suriya, İraq və İranda rast gəlinir. Hindistan, İndoneziya və Malayziyada isə sadəcə qan axıtmaqla, yəni klitor azacıq kəsilməklə həyata keçirilir.
 
Afrika qəbilələrində sünnət qadının təmizliyi, saf bir ana olması üçün mütləqdir. Bəzi qəbilələrdə isə düşünülür ki, uşaq doğum zamanı kəsilməmiş klitora dəysə, ölər.   Klitoru kəsilməmiş qızların ailə qurması doğru hesab edilmir.
 
XXI əsrdə yaşadığımızı dönə-dönə xatırlatmağa çalışsaq da, təəssüf ki, hələ də dünyanın bəzi ölkələrində qadın sünnəti kimi faydası tibbi olaraq sübut edilməmiş adət-ənənələr var. Və bu adətlərin qarşısını almaq üçün nə qədər hüquqi gücü olan qanunlar çıxarılsa da, hələ heç bir ölkədə heç kim qadın sünnəti ilə bağlı mühakimə edilməyib. Qadın sünnəti statistikası göz qorxudur. Nəticə isə yoxdur...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR