Cəbhədə ağır döyüşlər, erməni vuruldu

Cəbhədə ağır döyüşlər, erməni vuruldu
04:41 11 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində erməni hərbçi yaralanıb.

ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yaralanan əsgər Razmik Abramyanın vəziyyəti çox ağırdır.

Ermənistan Mərkəzi Kliniki hosptalın rəhbəri Aram Asaturyan bildirib ki, Razmik Abramyan sol ağciyər yarası alıb.

Son vaxtlar cəbhə xəttində ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə artan gərginliklə bağlı açıqlama verib: "Son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür".

Nazirlik bildirir ki, terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil: "Çünki məhz bu onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir. Tankların istifadəsi məsələsinə gəlincə isə bildirək ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib".

Son günlər gedən döyüşlərdə həm Azarbaycan, həm də Ermənistan tərəfi itki verir. Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, qarşı tərəfi onlarla hərbçisini itirir.



Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması ilə bağlı yaydığı xəbərlər yalnız gülünc hissi doğurur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu rəqəmlərə inanmaq və onları ciddiyə almaq sadəlövhlük olardı. Çünki açıqlanan statistika həqiqəti əks etdirmir və mövcud durumu tamamilə təhrif edir.

Erməni mətbuatının bu xəbəri yalnız cinayətkar rejimin marağında olmaqla onun rəhbərliyini qane edir və onsuz da gərgin vəziyyətdə olan erməni ictimai rəyinin sakitləşdirilməsi məqsədini güdür.

Yalnız bu il ərzində hətta erməni rəsmi informasiya saytlarının, qeyri- hökumət və əsgər anaları təşkilatlarının, eləcə də Ermənistanın müxalifyönümlü mətbuatının yaydığı rəqəmlərə istinad etsək belə, düşmən ordusundakı itkilərin sayının dəqiqliyinə qismən yaxın olan vəziyyət yarana bilər.

Reallıqda isə Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır. Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur.

Son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar. Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.



Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb.

Atəş nəticəsində erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR