Sərxoş sürücülərə qarşı cəzalar sərtləşsə...

Sərxoş sürücülərə qarşı cəzalar sərtləşsə...
09:05 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Əgər sərxoş sürücülərə qarşı cəzalar sərtləşərsə, bu, müəyyən qədər müsbət nəticə verəcək, bəzi sürücülər, həqiqətən də, sərxoş halda sükan arxasına oturmaqdan çəkinəcək. Bu isə eyni zamanda, yol qəzalarının azalmasına gətirib çıxaracaq.

Bunu Milli.Az-a açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov avtomobilin sərxoş halda idarə olunmasına dair cərimələrin artırılması məqsədilə qanunvericiliyə edilməsi gözlənilən dəyişikləri şərh edərkən deyib.

Bununla yanaşı ekspert qeyd edib ki, o, heç də hər zaman cəza sanksiyalarının artırılması tərəfdarı deyil, çünki bu, bəzi hallarda digər problemlər doğurur: "Cəmiyyətimizdə belə bir yanaşma var ki, əgər hər hansı problem həll olunmursa, istər maarifləndirmə, istərsə də digər tədbirlər bunun qarşısını almırsa və onun miqyası böyüyürsə, o zaman həmin problemi yaradanlara qarşı daha sərt cəzaların tətbiq edilməsi fikri ortaya çıxır. Hazırda sərxoş sürücülərlə bağlı olan məsələ də məhz həmin sosial problemlərdən biridir. Əgər indi Azərbaycanda belə bir təklif irəli sürülübsə, görünür ki, bu, problemin miqyasının böyüməsi və ağır nəticələrə gətirib çıxarması, onun aktual olması səbəbindən ortaya çıxıb".

A.Allahverənov hesab edir ki, bu məsələdə müsbət nəticələr əldə etmək üçün beynəlxalq təcrübədən də istifadə etmək olar: "Cəzaların sərtləşdirilməsi ilə yanaşı, paralel olaraq maarifləndirmə işlərinin də aparılmasına, eyni zamanda müsbət beynəlxalq təcrübələrin, sistemlərin tətbiqinə ehtiyac var. O zaman daha çox müsbət nəticələr əldə etmək mümkün olar. Məsələn, bəzi ölkələrdə artıq yeni növ nəqliyyat vasitələri istehsal olunur. Əgər sürücü sərxoşdursa, o, nəqliyyat vasitəsini işə salmaq istəyəndə avtomobildə sistem avtomatik olaraq mühərriki bloklayır və avtomobili hərəkət gətirmək mümkün olmur. Bu da çıxış yollarından biridir".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 152-1.1-ci maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma tətbiq ediləcək. Mövcud qanunvericiliyə görə, sərxoş sürücülər 300 manat cərimə olunur və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Xatırladaq ki, 2015-ci ilin 11 ayı ərzində ölkə yollarında 2033 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 816 nəfər dünyasını dəyişib, 2069 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı baş vermiş 48 qəzada isə 24 nəfər ölüb, 61 nəfər yaralanıb.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR