Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
10:59 11 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
2015-ci ilin dekabrın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25 faiz artıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02 faizini (24 048 nəfər) kişilər, 11,98 faizini (3 274 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.
Sonrakı yerlərdə Hindistan (983), İran İslam Respublikası (969), Çin Xalq Respublikası (847), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan İslam Respublikası (537), Ukrayna (443), Banqladeş Xalq Respublikası (401), Özbəkistan (275), Almaniya Federativ Respublikası (252), Filippin Respublikası (239), ABŞ (237), Qazaxıstan Respublikası (218), Türkmənistan Respublikası (211), vətəndaşlığı olmayanlar (194), Koreya (191) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR