Prezident Kitabxanasında Ümummilli Liderin xatirəsi anılıb

Prezident Kitabxanasında Ümummilli Liderin xatirəsi anılıb
13:53 11 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanın zəngin maddi-mədənı irsinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində xalqımızın ümummilli lideri Heydər Əliyev misilsiz xidmət göstərib. Onun hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı, elmi, maarifi, mədəniyyəti, incəsənəti, sosial infrastrukturu intibah dövrünü yaşayıb. Bu gün müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzinin - Prezident Kitabxanasının yaradılması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kitabxana onun təşəbbüsü əsasında 2003-cü ildən fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları Ulu Öndərin xatirəsini hər il müxtəlif səpkili tədbirlərlə yad edir. Prezident Kitabxanasında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin araşdırılması və təbliği sahəsində məqsədyönlü işlər görülür. Məhz ilk olaraq Prezident Kitabxanasında Ümummilli Liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və elektron mühitə köçürülməsi istiqamətində təşəbbüs göstərilib və irihəcmli “Heydər Əliyev. Elektron sənədlər toplusu” ərsəyə gətirilib. Vaxtaşırı olaraq yenilənən bu elektron resurs Ümummilli liderin irsini araşdıran müxtəlif kateqoriyalı istifadəçilər üçün ən mükəmməl baza hesab edilir.
Dekabrın 11-də Prezident Kitabxanasında Ümummilli Liderin anım mərasimində kitabxananın direktoru Mayıl Əhmədov həmin elektron resursun son bir il ərzində yenilənən bölmələri barədə ətraflı məlumat verib, gələcəkdə də onun yeni-yeni sənədlərlə daha da zənginləşdiriləcəyini bildirib.
Kitabxanada hazırlanan çoxsaylı elektron resursların istifadəçi statistikası göstərir ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu”na istər ölkə daxilindən, istərsə də xarici ölkələrdən daha çox müraciət olunur.
Sonda kitabxananın əməkdaşlarının hazırladıqları Ümummilli Liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Kitabxanasinda_Umummilli_Liderin_xatiresi_anilib-910342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR